Xəbər verdiyimiz kimi aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam şəhərində 26 turistin ölümü ilə nəticələnən terror hadisəsi baş verib. Bu hadisə Hindistanla Pakistan arasında növbəti gərginliyə səbəb olub. Hazırda iki ölkə arasında böhran yaşanır. Toqquşmaların genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi isə an məsələsidir.
Hindistan-Pakistan münasibətlərindəki böhran, rəsmi Dehlinin gərginliyi artıran ritorikası ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bizim.Media-nın suallarını cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
Saxta ittihamlar, islamofobiyanı gizlətmək CƏHDİ – Hindistanın gərginlik yaratmaq planının PƏRDƏARXASI
Həmin müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Hindistanla Pakistan arasında nə baş verir? Bu gərginlik nə ilə yekunlaşacaq?
- Əvvəla onu deyim ki, Pahalqam şəhərində baş vermiş insident münaqişə deyil. Münaqişənin ilkin mərhələsidir. Amma bəzi ekspertlər bu insidenti kifayət qədər şişirdirlər. Məsələn, bəzi ekspertlər deyir ki, nüvə silahına malik iki dövlət müharibəyə başlayır və bu müharibədə nüvə silahından istifadə ediləcək.
Bu düzgün yanaşma deyil. Çünki bu Hindistanla Pakistan arasında ilk toqquşma deyil. Sonuncu dəfə 1999-cu ildə bu ölkələr üz-üzə gəlmişdilər. Sonrakı illərdə də müəyyən insidentlər olub. Ancaq heç vaxt heç bir tərəf nüvə silahından istifadə etməyib. Ona görə də budəfəki insident böyük münaqişəyə çevrilsə belə, yenə də nüvə silahından istifadə istisna edilir. Çünki hər iki tərəf bunun məsuliyyətini dərk edir. Bilir ki, istənilən nüvə atəşinə qarşı tərəf eyni cavab verilə bilər.
- Hindistanın müharibə ritorikasını necə qiymətləndirirsiniz?
- Bu dəfəki insidentdən sonra Hindistanın mövqeyini başa düşə bilmirəm. Bildiyiniz kimi, Pakistan tərəfi birmənalı olaraq Pahalqamdakı insidentdən xəbərsiz olduğunu deyir və tələb edir ki, insident neytral dövlətlərin iştirakı ilə təftiş olunsun. Rəsmi İslamabad hətta araşdırmada Çin və Rusiyanın iştirakını təklif edib. Lakin rəsmi Dehli bu çağırışlara cavab vermir. Eyni zamanda insidentə görə bütün məsuliyyəti Pakistanın üzərinə qoymağa çalışır.
- Sizcə, Hindistanın əli nə qədər güclüdür?
- Bu məsələdə Hindistanın mövqeyi o qədər də güclü deyil. Pakistanın mövqeyi daha üstündür. Təbii ki, istənilən terror aktı qəbuledilməzdir. Ona görə də terror aktının kimlərin sifarişi ilə törədildiyini bilmək çox vacibdir. Bu mənada Pahalqamdakı insidentin obyektiv şəkildə araşdılmasına ehtiyac var. Hələlik Pakistan belə bir araşdırmanın aparılmasında daha maraqlıdır. Hindistansa insidentin araşdırılmasına o qədər də həvəsli deyil. Bu da Hindistanın mövqeyini zəiflədən amildir.
- Rəsmi Dehli insidentdən istifadə edərək Pakistana qarşı bütün sahələrdə müharibə elan edib. Xüsusən də su məsələsində...
- Hindistanın insidenti bəhanə edərək “Hind Suları Müqaviləsi”ni dayandırması da başadüşülən deyil. Hər kəs bilir ki, Pakistanın su ehtiyatları əsasən mənbəyi Hindistanda olan çaylar hesabına formalaşır. Ona görə də bu müqavilənin birtərəfli qaydada dayandırılması 240 milyon əhalini ölümə məhkum etmək deməkdir.
- Hindistanın bəyanatlarında islamofobiya açıq şəkildə sezilir...
- Hindistanda hazırda iqtidara olan Modinin partiyası on illlər boyu hakimiyyətdə olan Hind Milli Konqresi Partiyasından fərqli olaraq çox ciddi millətçilik mövqeyində dayanır. Baxmayaraq ki, Hindistan çoxmillətli bir ölkədir. Vaxtilə Hindistan dövlətini yaradanda ingilislər bu məsələyə xüsusi diqqət ediblər ki, dini mənsubiyyət əsas götürülsün. O zaman Böyük Britaniya imperiyasının vitse-kralı təklif edib ki, dini mənsubiyyət yeni dövlətdə əsas kimi götürülsün. Təsadüfi deyil ki, bu gün hindistanlı deyəndə o ölkədə yaşayan istənilən dinin daşıyıcısını nəzərdə tuturuq. Çünki bu dövlət milli kimliyə görə yox, dini faktora görə formalaşıb.
Təsadüfi deyil ki, baş nazir Modinin siyasi platforması anti-İslam əsasında formalaşıb. Hadisələrin inkişafı göstərir ki, Modinin Hindistanda hakimiyyətdə qalmasının yolu anti-İslam ritorikasından keçir. Cammu və Kəşmir əyalətində törədilən insidentdən sonra ortaya qoyulan mövqe də sübut edir ki, anti-İslam siyasəti Hindistanın siyasi həyatında yaradılan yeni bir trenddir.
- Bəzi ekspertlər rəsmi Dehlinin son hərəkətlərini Modinin 2027-ci ildə keçiriləcək seçkilərə hazırlıq kampaniyası kimi dəyərləndirirlər. Siz necə düşünürsünüz?
- Çox təəssüf ki, anti-İslam kampaniyası 2027-ci ildə Hindistanda keçiriləcək seçkilərdə də əsas trend kimi qalacaq. Ona görə də bu terror hadisələrindən növbəti seçkilərə hazırlıq məqsədi üçün istifadə edilir. Baş vermiş insidentin araşdırılmasına neytral dövlətlərin iştirakına Hindistanın biganə yanaşmasının da kökündə dayanan niyyət odur ki, iqtidar ultramillətçi qüvvələri öz ətrafında daha sıx birləşdirsin. Ümumiyyətlə, anti-İslam trendi hazırda Hindistanın siyasi cəmiyyətində əsas xəttdir. Amma bu trend Hindistana yaxşı heç nə vəd eləmir. Əksinə bu trend Hindistana çox ciddi problemlər vəd edir.
- Bu qarşıdurmada Azərbaycanın mövqeyi barədə nə deyə bilərsiniz?
- Biz birmənalı şəkildə haqqın tərəfindəyik. Bu məsələdə də haqlı tərəf Pakistandır. Azərbaycan da maraqlıdır ki, insident digər ölkələrin iştirakı ilə araşdırılsın. Bu təklifin müəllifi də Pakistandır. Bu təklifin özü belə Pakistanın mövqeyini xeyli gücləndirir. Bununla belə məndə belə bir inam var ki, indiki vəziyyət ciddi toqquşmalar səviyyəsinə qalxmadan öz həllini tapacaq.
Surxay Atakişiyev, Bizim.Media