“Bir müddət əvvəl benefisim üçün “Varlı qadın” tamaşasını oynadım. Bunu teatr mənə sürpriz etdi. Dəvət edib dedilər ki, sənin üçün tamaşa fikirləşmişik, özü də “Varlı qadın”. Əvvəl bir az tərəddüd etdim, dedim ki, vaxtilə oynamışam, indi mənə çətin gəlir. Çünki o vaxt səhhətimdə hər şey qaydasında idi. Dedilər ki, narahat olma, tamaşaçılar sizi benefis tamaşada görmək istəyirlər. Həmin ərəfələrdə göy guruldadı, tufan qopdu, yağışlar sel oldu, daha nələr baş vermədi ki? Tamaşanı demək olar ki, çox az məşq etdik. Mən gözləmədiyim tamaşaçı sevgisi, məhəbbəti ilə qarşılandım. Sonda elə bildim ki, mən dəcəl uşağam. Səhnədə ora gedirdim, bura gəlirdim, sözün əsl mənasında çılğınlıq edirdim”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib.

O daha sonra əlavə edib:
“Bu tamaşanı illər əvvəl də oynamışdım. Maraqlısı burasında idi ki, o vaxt oynayarkən yaşadığım heç bir hissi bu gün yaşamadım. Çünki onda yaşım az idi, indi müəyyən müddət keçib, mən də yaşa dolmuşam. Həyat təcrübəm var, daha da professional yanaşıb, dərk edirəm. Dediyim hər sözdə ikinci planda nə demək istədiyimi izah edirəm. Bunlar mənə bir az kömək oldu. Tərəf müqabillərim Sabir Məmmədov, Elşən Cəbrayılov, oğlumu oynayan aktyor, Ramin Şıxəliyev və s. aktyorlar mənə dəstək oldu. Onların enerjiləri səhnəni dağıdırdı. Tərəf müqabillərim deyir ki, sanki səhnəyə bir günəş doğdu. O günəş zala da sirayət etdi. Mənə çox xoş oldu. May ayının 4-də bu tamaşanı oynayıram. O ki, qaldı doğum günümlə bağlı açıqlamaya.. Mən 40, bir də 50 yaşımı qeyd etmişəm. Ondan sonda doğum günlərimi qeyd etməmişəm. Xoşlamıram da. Qardaşımın ölümündən sonra ümumiyyətlə doğum günümü qeyd etmirəm. Hamıya da qadağa qoymuşam ki, məni aprel ayında təbrik etməyin”, - deyə sənətkar bildirib.

Firəngiz Mütəllimova deyir ki, heç vaxt məşhurluqdan başı gicəllənməyib:
“Mən bir gecədə məşhur olmuşam. Firəngiz kimi yatıb, Gülnar kimi oyanmışam. O vaxtdan bu günə qədər necəyəmsə elə də qalmışam. Məşhurluq mənim başımı gicəlləndirməyib. Bunu qoruyub saxlamaq lazımdır. Mən çox səmimiyəm, inanıram. Amma görəndə ki, kimlərsə məndən sui-istifadə etmək istəyir, o adamlardan sakitcə uzaqlaşıram. Özümü belə qorumuşam. Yaxşını pisdən ayırmağı bacarıram. O ki, qaldı paxıl insanlara.. Onlar ancaq özlərinə pislik edirlər. Paxıl olmaq ən pis insan olmaq deməkdir. Mən bütün sənət yoldaşlarımın uğuruna sevinirəm. Bir də heç bir işlə məşğul olmayan adamlar paxıllıq edirlər. Fikirləşirlər ki, iş yox, güc yox, neyləyim, oturum paxıllıq edim. İşi olan adamlar heç vaxt paxıllıq etmirlər”, - deyə sənətkar bildirib.
