Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna əlavə edilən yeni-12-1-ci maddədə əksini tapıb. Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

Əməkdar jurnalist Telli Pənahqızı Moderator.az-a açıqlamasında bu qərarı doğru hesab edib:
“Hər kəsin məlumat əldə etmək hüququ var. Ələxsus da əlilliyi olan şəxslərin. Azərbaycan Dövlət Televiziyasında belə bir ənənə var idi. Sonradan çox şeylər kimi o da aradan çıxdı. İndi cənab prezident bunu məsləhət görüb. Çox yerində, vaxtında olan bir qərardır. Mənə elə gəlir ki, bu vacibdir, lazımdır. Bu cür insanlara cəmiyyətdə çox rast gəlirik. Onların da hansısa bir informasiyadan xəbər tutmaq ehtiyacları varsa bu da ödənilməlidir. Əminəm ki, tezliklə bunlar bizim televiziyalarda olacaq” deyə Telli Pənahqızı bildirib.
Xalq artisti, tanınmış diktor Ofeliya Sənani isə saytımıza açıqlamasında bildirib ki, televiziyada bu ənənə tarixən mövcud olub:
“Bu humanist bir addımdır. Savab işdir. Onlar da insandır. Həmin insanlar da televiziyanı izləyir, heç nəyi eşidə bilmir, başa düşmürlər. Çox istərdim ki, həmin insanlar üçün ayrıca proqramlar, xəbərlər olsun. Elə erkən saatlar olsun ki, həmin insanlar o proqramları gözləsinlər. Xəbərlər 15 dəqiqədən çox olmur ki. O vaxt AZTV-də var idi. İşarət dili ilə başa salınırdı. Çox təəssüf ki, mütəxəssislər də çox azdır. Yetişdirmək lazımdır. Əlilliyi olan şəxslər də insandır axı. Televiziyaların üstünə bu mövzuda böyük məsuliyyət düşür” deyə Ofeliya Sənani bildirib.