“Hər hansı ölkədə elmin real inkişafı üçün elmlər doktoru dərəcəsi və bu adın daşıyıcılarının sayı əhəmiyyətli deyil. Əsas məsələ ölkədə elmi mühit, elmə iqtisadiyyatın tələbi, elmi tədqiqatlara sifarişlərin olması, elmin normal maliyyələşməsi, elmi qrantların olması, alimə dəyər verilməsidir...”
“Elmə və alimə dəyər verilməyən ölkənin iqtisadiyyatı xammal əsaslı olar, xammal tükənəndə və ya qiymətləri düşəndə büdcə boş qalar, analoqsuz tənəzzül olar...”
“Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bir tele-verilişdə Azərbaycanda elmlər doktoru mərhələsinin əleyhinə olduğu barədə fikrini bildirib. Deyilənə görə “Ali təhsil haqqında” qanunda da bu məsələ öz əksini tapıb. Hesab edirəm ki, elmi ictimaiyyat bu məsələyə dair müzakirələr aparmalıdır. Mən Nicat müəllimin bu fikrini dəstəkləyirəm. Niyə?”
Bu fikirləri Moderator.az-a verdiyi şərhdə tanınmış təhsil eksperti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti İlham Əhmədov ifadə edib.
“Alimin öz alimliyini sübut etməsi üçün onun 2-ci dəfə doktorluq dissertasiyası müdafiə etməsinə ehtiyac yoxdur. O artıq ya alimdir, ya da yox. Fəlsəfə doktorluğu müdafiə edib, amma hələ alim ola bilməyənlər, 2-ci, 3-cü və s. dəfə də dissertasiya müdafiə etsələr də, alim ola bilməyəcəklər, uzaq başı professor ola bilərlər. Yox, əgər fəlsəfə doktoru olaraq, özünü elmdə təsdiq edə bilibsə, onun da 2-ci, 3-cü və s. dəfə də dissertasiya müdafiə etməsinə ehtiyac yoxdur, artıq hamı onu alim kimi qəbul edir. Rəhmətlik Asif Əfəndiyev (Asif Ata) kimi...
Alimin ölkə daxilində və xaricində elmi ictimaiyyət tərəfindən tanınması və qəbul edilməsi üçün bəzən onun bir məruzəsi, bir ideyası, bir məqaləsi, bir kitabı da bəs edir. Necə deyərlər, el gözü tərəzidir, həmkarları, elmi cəmiyyət kimin kim olduğunu yaxşı bilir. Doktorluq müdafiəsi alimdən xeyli əlavə vaxt, enerji və digər resurslar tələb edir, xüsusən də bizdə. Amma bunun müəllifdən başqa heç kimə və heç nəyə, heç elmin inkişafına da faydası olmur (sadəcə müəllifin maaşında cüzi artım olur).
Rus alimlərinin belə bir deyimi var: "dissertasiya müdafiə etdim, daha elmlə də məşğul ola bilərəm".
Türkiyədə, Avropada, Yaponiyada, Çində, İsraildə, ABŞ-da v.s. ölkələrdə elmlər doktoru dərəcəsi yoxdur, amma onlarda elm, alim, kəşflər, innovasiyalar, yeni texnologiyalar və nəhayət, inkişaf, biliklər cəmiyyəti və bilik iqtisadiyyatı var. Bizdə fəlsəfə doktoru, elmlər doktoru, akademiklər çoxdur (10 min nəfər), amma elm, kəşf, innovasiya və yeni texnologiyalar, demək olar ki, yoxdur. Elmimizin durumunu iqtisadiyyatımıza, büdcəmizə, onun strukturuna, gəlirləri və xərclərinə baxanda da görmək olar. Elmə və alimə dəyər verilməyən ölkənin iqtisadiyyatı xammal əsaslı olar, xammal tükənəndə və ya qiymətləri düşəndə büdcə boş qalar, analoqsuz tənəzzül olar”, -deyə davamında ekspert bildirib.
İlham Əhmədov qeyd edir ki, elm tarixində kəşf müəlliflərinin 99 % elmlər doktoru olmayıblar:
“Son 25 ilin mühüm kəşflərindən biri olan, 100 il heç kimin isbat edə bilmədiyi “Puankare hipotezasını” isbat edən Qriqiriy Perelman kimi (yeri gəlmişkən, Q. Perelman Rusiya EA-nın və bir sıra xarici akademiyaların üzvlüyü təklifindən, həmçinin öz kəşfinə görə 1 milyon dollar mükafatdan da imtina edib).
Elmi kəşflər edənlərin arasında heç fəlsəfə doktoru olmayanlar da az deyil. Bu durum göstərir ki, hər hansı ölkədə elmin real inkişafı üçün elmlər doktoru dərəcəsi və bu adın daşıyıcılarının sayı əhəmiyyətli deyil. Əsas məsələ ölkədə elmi mühit, elmə iqtisadiyyatın tələbi, elmi tədqiqatlara sifarişlərin olması, elmin normal maliyyələşməsi, elmi qrantların olması, alimə dəyər verilməsidir. Bizdə bunların heç biri 35 ildir ki, yoxdur...
Əgər kimsə 2-3 elm sahəsi üzrə elmlər doktorluğu dissertasiyası müdafiə etsin, ya heç müdafiə etməsin, bundan da heç nə dəyişmir...”
Təhsil eksperti parlament üzvləri və məmurların çətinlik çəkmədən elmlər doktoru adı almasına da toxunub:
“Millət vəkillərinin mandat alandan sonra, məmurların yüksək vəzifə tutmasından sonra az bir zamanda elmlər doktoru olmalarının da elmə aiddiyyatı yoxdur, amma bu, ölkədə elmin hansı meyarlarla qiymətləndirilməsi və real durumunu əyani göstərir...”
Ali məktəb müəllimi hətta özünün də bilərəkdən elmlər doktorluğu dissertasiyası müdafiə etmədiyini diqqətə çatdırıb:
“Biz bu fikirləri özümüz elmlər doktorluğu müdafiə etmədiyimizə görə yazmırıq. Məhz burda yazdığımız səbəblərdən vaxtı ilə doktorluq dissertasiyası yazmadıq və müdafiə etmədik, hərçənd dostlar və həmkarlar buna təkid edirdilər. İmtinaya səbəb həm də yersiz bürokratik əngəllər, süni maneələr v.s. kimi qeyri-elmi tələblər idi. Hərçənd hər mənada imkanımız olub buna. Namizədlik dissertasiyası müdafiəsindən sonra keçən 40 il ərzində bəlkə də 20 dəfə doktorluq dissertasiyası yaza bilərdik. Əgər ölkədə heç bir elmi mühit, elmə və alimə dəyər yoxdursa, doktorluq dissertasiyasının nə əhəmiyyəti var? Quru ada görə?..
Bundansa, nəzəri, praktik, tətbiqi əhəmiyyətli məqalələr yazmaqla, konkret bir sahənin problemlərini araşdırmaq, təhlil etmək, təkliflər vermək, bu sahənin inkişafına təkan vermək, müxtəlif layihələrdə iştirak etmək, beynəlxalq konfranslarda sistematik olaraq iştirak və məruzələr etmək daha yaxşıdır, əgər bu yazılanları və təklifləri oxuyub, anlayıb əməl edənlər olsa...
Cəmiyyətin elm mövzusunda müzakirələr aparması yaxşıdır. Amma bundan elmin inkişafına fayda az olacaq. Daha yaxşı olar ki, niyə ETN elmi tədqiqatlara qrantlar ayırmır, təhsil tədqiqatlarını sifariş etmir, bunu maliyyələşdirmir, "Elmin İnkişaf Fondu", "Təhsilin İnkişaf Fondu" nə ilə məşğuldur, onlardan elmin və təhsilin inkişasfına xeyir varmı, onların fəaliyyətinin səmərəsini necə artırmaq olar v.s. kimi məsələləri müzakirə edək. Bu işdə dönüş yarada bilsək, elm və təhsil cüzi də olsa, inkişaf edə bilər.
Təbii ki, əgər ETN elm və təhsilə tərəf dönüb baxsa...”
Təqdim etdi: Sultan Laçın