Bu gün müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabatı” geniş və ətraflı təqdim etdiyi üçün hörmətli Vüqar müəllimə öz təşəkkürümü bildirirəm.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Rövşən Muradov bildirib.
"Qüvvədə olan qanunvericiliyə görə, Hesablama Palatasının fəaliyyəti 4 istiqamətdən ibarətdir və 2024-cü il ərzində həm audit, həm də qeyri-audit fəaliyyəti barədə icmal-statistik məlumatlar təqdim olunmuş Hesabata daxil edilib. Auditlərin əhatə dairəsini dövlət büdcəsinin gəlir və xərc parametrləri, borclanma və kəsirin maliyyələşdirilməsi mənbələri və əksər büdcədənkənar dövlət fondları təşkil edir.
Fikrimcə, Hesablama Palatasının təqdim etdiyi hesabat məzmun baxımından geniş və əhatəlidir, kreativdir, eyni zamanda inklüziv və innovativdir, statistik və digər məlumatlarla zəngindir, həmçinin, yenilikçidir belə ki, Palata hesabat ilində audit və digər fəaliyyətlərində ilklərə də imza atıb.
Ümumiyyətlə, Palata hesabat ilində İcbari Tibbi Sığorta Fondundan başqa icmal büdcənin tərkibinə daxil olan bütün büdcədənkənar dövlət fondlarında audit aparıb.
Əvvəla, bu əhatəliyin genişlənməsi, dövlət maliyyəsinə ümumilikdə nəzarətin təmin edilməsi istiqamətində atılan mühüm addımdır və eləcə də, beynəlxalq reytinqlərdə Hesablama Palatasının timsalında dövlətin mövqeyinin yaxşılaşdırılmasına xidmət edəcək",-o deyib..
İkinci, hesabat Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ına görə, 2024-cü ildə yerinə yetirilən tədbirlər və onların icrasının maliyyə yükü üzərindən tərtib edilib və bu nəticə əsaslı büdcə modelinə nümunə kimi, dövlət maliyyəsində tam tətbiq edilmək üçün bir layihə olaraq da qəbul edilə bilər:
"Hesabatda Hesablama Palatasının fəaliyyətinin nəticələrini ehtiva edən kəmiyyət və keyfiyyət göstəricilərinin sayının artması müşahidə edilir. Belə olan halda, hesab edirəm ki, nəticə əsaslı çərçivənin nümunəsindən digər qurumlar da yararlana bilər. Hesabat ilində müəyyən edilmiş nöqsan və pozuntuların xarakteri ümumilikdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac yaradır. Bu ehtiyac isə dünyada dövlət maliyyəsinin idarə olunmasına dəyişən baxışları özündə ehtiva etməklə yanaşı, ölkəmizin də bu baxışlara uyğunlaşdırılmasını təmin etməlidir. Hesabatdan göründüyü kimi, digər bir məsələ qüvvədə olan hüquqi aktların tələblərinin icra vəziyyəti ilə bağlıdır. Hüquqi aktların müəyyən etdiyi tələblərə tam riayət olunmaması dövlət vəsaitlərinin ən yaxşı halda, düzgün xərclənməməsinə gətirib çıxarır. Bu da vəsaitlərin səmərəliliyinin və nəticəliyinin təmin olunmasında ən böyük maneə sayıla bilər. Bu məsələ qurum rəhbərlərinin birbaşa məsuliyyət dairəsinə aid olduğu üçün, həm də dövlət maliyyəsində fəaliyyət göstərən kadr potensialı ilə də bağlıdır. Belə ki, kadr hazırlığının yüksək təşkili, göstərilən bir çox nöqsanların aradan qaldırılmasına və ya ən azı miqyasının və əhatə dairəsinin azaldılmasına gətirib çıxarar. Bu istiqamətdə də işlərin görülməsi birbaşa qurum rəhbərlərinin funksiyalarına daxildir".