Futbol üzrə İngiltərə millisinin sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold “Liverpul”dan ayrılaraq Madrid “Real”ına keçib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu İspaniya klubu ilə 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Müdafiəçi “Real”a azad agent kimi qoşulduğu üçün yeni klubunu artıq xərcə salmayıb.
Xatırladaq ki, Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edirdi.
İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti bu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.
Trent Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 354 oyun, 23 qol və 92 məhsuldar ötürmədən ibarətdir.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020, 2024/2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.