AZ

Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar



ABŞ Prezidenti Donald Trampın ölkəmizin müstəqilliyi günü ilə bağlı təbrikində qeyd etdiyi məqamlar və ardınca da bu gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Stiv Deynsin Bakıya səfəri Azərbaycanın və ümumilikdə regionumuzun Birləşmiş Ştatlar üçün əhəmiyyətindən xəbər verir.

Görünən odur ki, Tramp hakimiyyəti Baydenin dövründə ABŞ rəsmilərinin yalnış mövqeləri səbəbilə xeyli zərər görən ABŞ-Azərbaycan münasibətlərini bərpa etməyə və bu münasibətlərdə yeni səhifə açmaqda maraqlıdır.
Bu da təbiidir. Belə ki, Azərbaycan ilə ABŞ arasında iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcud olub. Azərbaycan qlobal təhlükəsizliyə verdiyi töhfə ilə uzun bir dövr ərzində ABŞ-ın müttəfiqi qismində çıxış edib. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz bunun bariz sübutudur. Bundan savayı ortada ABŞ-ın özünün Cənubi qafqaz maraqları da var ki, bu da rəsmi Bakı ilə Vaşiqnton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirir.
Odur ki, indiki halda Donald Trampın məktubu və Stiv Deynsin səfəri olduqca əhəmiyyətli məqamlarla müşayət oluna bilər. İlk növbədə ona görə ki, 30 ildən artıq bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırki reallıqlar prizmasından siyasi, iqtisadi və digər məsələlərlə bağlı müzakirələri aktuallaşdırır.

ABŞ başa düşür ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə reigonda yeni siyasi — iqtisadi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Bu isə Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd etməkdədir. Bu amil həm də mühüm hissəsi enerji əməkdaşlığından ibarət ABŞ-Azərbaycan münasibətlərinə də yeni nəfəs verə bilər.

Avroasiyanın qovşağında yerləşən ölkəmizin qlobal əməkdaşlığın inkişafında açar rolu oynaması da Azərbaycana olan marağı artırıb. Təbii ki, ABŞ-la ikitərəfli münasibətlərin inkişafı bizim də marağımızdadır. Belə ki, ABŞ qlobal iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunun daha da möhkəmlənməsi üçün mühüm addımlar ata bilər.
Düşünürəm ki, iki ölkə arasında son təmaslar gələcək dövrdə Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanların yaradılmasına köməklik edəcək.

Yusif Bağırzadə, politoloq
Seçilən
0
50
newscenter.az

10Mənbələr