AZ

ABŞ məhkəməsindən Trampa növbəti ZƏRBƏ - Rüsumlar BLOKLANDI

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın səlahiyyətlərini aşdığını müəyyən edərək onun tətbiq etdiyi bəzi gömrük rüsumlarını qanunsuz hesab edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Hakimlər kollegiyası Trampın Çin və ABŞ-ın digər ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi bəzi rüsumlarla bağlı qərarını bloklayıb.

Tramp bu tarifləri tətbiq etmək üçün 1977-ci il İqtisadi Fövqəladə Hallar haqqında federal qanuna istinad etmişdi. Bu rüsumlar Kanada, Meksika və Çinlə yanaşı dünyanın digər bölgələrindən idxala qarşı tətbiq olunmuşdu. Tramp aprel ayında bu tarifləri elan etmiş, lakin sonradan bir qismini təxirə salmışdı.

Qanunda prezidentin iqtisadi təhlükələrə qarşı ölkəni qorumaq üçün gömrük rüsumlarından istifadə etmək hüququ nəzərdə tutulmur. Buna baxmayaraq, Tramp bu addımı atmışdı.

Məhkəməyə müraciət edənlər isə bildirirdilər ki, prezidentin strategiyası onun səlahiyyətlərini aşır və bu, qlobal ticarət müharibəsinə səbəb olaraq onların böyük maliyyə itkilərinə məruz qalmasına gətirib çıxarıb.

Məhkəmə bu arqumentləri əsaslı sayaraq qərar verib ki, Trampın həmin qanun çərçivəsində gömrük rüsumları tətbiq etməyə səlahiyyəti olmayıb.

CNN-nin dəqiqləşdirməsinə görə, qərar 30%-lik Çin idxalı, Meksika və Kanadadan gətirilən bəzi məhsullara 25%-lik, digər ölkələrdən idxal olunan məhsullara isə 10%-lik rüsumlara aiddir. Lakin bu qərar avtomobillər, ehtiyat hissələri, polad və alüminium üzərinə tətbiq olunmuş 25%-lik tariflərə şamil olunmur, bu tariflər başqa qanuna əsaslanır.


Tramp administrasiyası məhkəmə qərarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, aprel ayının əvvəlində ABŞ prezidenti müxtəlif ölkələrdən idxala yeni gömrük rüsumları tətbiq edəcəyini elan etmişdi. Avropa İttifaqı və Çin üçün tariflər müvafiq olaraq 20% və 34% müəyyən edilmişdi. Çin üçün əvvəlki tarif 10% idi, lakin sonradan ikiqat artırılaraq ümumilikdə 54%-ə çatdırılmışdı. Çin cavab olaraq öz rüsumlarını artırmış və nəticədə qarşılıqlı tarif yüksəlişləri baş vermişdi. Sonuncu eskalasiyadan sonra ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi tarif 145%-ə, Çinin ABŞ-a qarşı cavab rüsumları isə 125%-ə çatıb.

Tramp bu qərarını “iqtisadiyyatı bərpa etmək və dələduzluğun qarşısını almaq” zərurəti ilə əsaslandıraraq, ABŞ-ın illər boyu həm dostlar, həm də düşmənlər tərəfindən “talan edildiyini və istismar olunduğunu” iddia edib. O, eyni zamanda, əgər danışıqlar tərəfi Vaşinqtona “nəhəng bir təklif” etsə, ticarət danışıqlarına açıq olduğunu bildirib.

Keçən həftə Tramp Brüssellə aparılan danışıqların “heç bir nəticə vermədiyini” söyləyərək, 1 iyundan etibarən Avropa idxalına 50%-lik rüsum tətbiq etməklə hədələyib. Lakin daha sonra bu qərarı təxirə salıb.


Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr