BAKI, TurkicWorld
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Ukraynadakı sülh prosesinə sadiqliyi ilə bağlı bəyanatlarını tənqid edib.
TurkicWorld-un məlumatına görə Zaxarova bildirib ki, Makronun açıqlamaları ilə Fransadan Ukraynaya göndərilən hərbi personalın fəaliyyəti bir-birinə ziddir.
“Fransadan, o cümlədən keçmiş polis sıralarından olan əsgərlər Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölmələri ilə birlikdə xidmət göstərirlər. Bu şəraitdə Makronun sülh prosesi barədə dediklərinə inanmaq mümkün deyil”- deyə o bildirib.
Zaxarova əlavə edib ki, Fransız mətbuatında yayılan məqalələrdə açıq şəkildə qeyd olunur ki, “sülh danışıqları əhəmiyyətsizdir” və Fransanın hərbi kontingenti artıq “Kiyev rejiminin xidmətindədir”.
Rusiya rəsmisi Fransadan gələn döyüşçülərin “Beynəlxalq qisas” adlı taktiki döyüş birliyi çərçivəsində fəaliyyət göstərdiyini və birliyin əsasını fransızların təşkil etdiyini də vurğulayıb.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov da Almaniya və Fransanın Ukrayna ilə bağlı açıqlamalarını münaqişəni daha da alovlandırmaq üçün yarış kimi dəyərləndirib. Onun sözlərinə görə, Paris və Berlinin bu addımları münaqişənin həlli istiqamətində aparılan səylərə ciddi maneələr yaradır.