BAKI, 29 may. TELEQRAF
Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azay müəllim, 28 May - Müstəqillik Günündə Azərbaycan-Türkiyə və Pakistan liderlərinin Laçından vermiş olduğu mesajların əhəmiyyətini necə qiymətləndirmək olar?
- 2025-ci il 28 may tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğnanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanın işğaldan azad edilmiş Laçın şəhərində keçirdikləri Zirvə görüşü çoxşaxəli - siyasi, geosiyasi, hərbi, iqtisadi, mədəni və mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu görüşün əhəmiyyətini müxtəlif aspektlər üzrə ümumiləşdirmək olar. İlk növbədə görüşün məhz Laçın şəhərində keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qardaş ölkələr – Türkiyə və Pakistan tərəfindən tam və qəti şəkildə dəstəkləndiyini göstərir. Son illərə kimi Laçın xarici mediada daha çox qondarma dəhliz adı ilə tanınırdısa, indi, artıq sülh, təhlükəsizlik, quruculuq və Azərbaycan-Türkiyə-Pakistan arasında birliyi və qardaşlığı simvolizə edən Zirvə görüşünün keçirildiyi məkan kimi tarixə düşdü.
- Amma bu görüşdən ciddi şəkildə narahat olan tərəflər də var. Onların narahatlığı nə ilə bağlıdır?
- Bu görüş Ermənistan başda olmaqla Hindistan və Fransa kimi ölkələrə mühüm siyasi mesaj oldu. Onlar Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edilməlidirlər. Azərbaycan-Türkiyə-Pakistan üçbucağı regionda və dünyada mühüm geosiyasi blok kimi möhkəmlənir və bu ittifaq dönməz xarakter alır. Zirvə görüşü Cənubi Qafqazda güc balansının dəyişdiyini və Azərbaycanın strateji mövqeyinin daha da möhkəmləndiyini, Cənubi Qafqazda əsl söz sahibinin kim olduğunu bir daha dünyaya nümayiş elətdirdi.
- Üç ölkənin geosiyası əməkdaşlıq baxımından Laçın görüşünü necə xarakterizə etmək olar?
- Geosiyasi baxımdan bu əməkdaşlıq Çin-Orta Asiya-Qafqaz-Türkiyə-Pakistanın Böyük İpək Yolunun və Orta Dəhlizin inkişafında ortaq maraqlarının və ciddi işbirliyinin olduğunu əks etdirdi. Üç qardaş ölkə Laçında regional sabitlik və əməkdaşlıq mesajı verdi. Laçında keçirilən görüşdə hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də gündəmdə olub. Son həftələrdə Hindistan və Pakistan arasında baş verən qısa müddətli hərbi toqquşmada Pakistanın əldə etdiyi qələbə, Hindistana məxsus 7 qırıcı təyyarənin, o cümlədən Fransa istehsalı olan 4 “Rafael”in zərəzsizləşdirilməsi Pakistanın hava hücumundan müdafiə qüvvələrinin üstünlüyünü, xüsusilə Çin-Pakistan birgə istehsalı olan JF-17 qırıcı təyyarələrinin döyüşlərdə yüksək effektivliyini nümayiş etdirdi. Azərbaycanın da bu tip təyyarələri almağa qərar verməsi strateji baxımdan bu qərarın məqsədəuyğunluğunu bir daha sübut etmiş oldu. Bu baxımdan da Laçın Zirvə görüşü Azərbaycan, Türkiyə və Pakistan arasında keçmişdə olduğu kimi, gələcəkdə də hərbi əməkdaşlığın dərinləşməsi və ortaq hərbi təlimlərin keçirilməsi gücləndiriləcək. Bu əməkdaşlıq həmçinin regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Laçın Zirvə görüşündən sonra azad edilmiş ərazilərin bərpasında Türkiyə və Pakistan şirkətlərinin iştirakı artacaq. Zirvə görüşü bu prosesə əlavə stimul verir. İkitərəfli və Üçtərəfli iqtisadi əməkdaşlıq çərçivəsində hazırda icrada olan iqtisadi layihələrin icrasının sürətlənməsi və yeni potensial layhələr haqqında əməkdaşlıq imkanları genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Orta Dəhlizin tam gücü ilə işləməsi və Zəngəzur dəhlizinin reallaşması baxımından Zirvə görüşü mühüm dəstək rolu oynayır. Həmçinin qardaşlıq münasibətlərinin rəmzi kimi Laçında keçirilən bu Zirvə görüşü üç qardaş ölkə xalqlarının ortaq tarixi, dini və mədəni dəyərlərə söykəndiyini simvolizə edir. Bu görüş Azərbaycan xalqı üçün mənəvi baxımdan böyük dəstəkdir. Qardaş ölkə liderlərinin Laçında olması xalqın 30 il işğal altında qalmış torpaqlara qayıdışını daha da ruhlandırır, işğaldan azad edilmiş torpaqlarda birliyini nümayiş etdirir. Ona görə də 28 May Respublika Günündə keçirilən bu görüş həm də Azərbaycan dövlətçiliyinə və milli kimliyinə verilən yüksək dəyərin göstəricisidir.
- Hindistanın bu görüş başa çatmadan isterik yanaşmasına səbəb nədir?
- Laçın Zirvə görüşü təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni bir mərhələnin başlanğıcını ifadə edir. Bu görüş regional əməkdaşlığın dərinləşməsinə, təhlükəsizlik və inkişaf gündəliyinin möhkəmlənməsinə, eyni zamanda xalqlar arasında dostluq və birliyin güclənməsinə böyük töhfə verir. Zirvə görüşü həm də Azərbaycanın post-münaqişə dövründə artan regional və beynəlxalq nüfuzunun bariz göstəricisidir. Hindistanın bu birliyə isterik reaksiyası bu ölkənin aqressiv və qeyri-konstruktiv mahiyyətindən xəbər verir. Azərbaycan və Türkiyənin Hindistan-Pakistan qarşıdurmasında qardaş və dost ölkə olan Pakistanın haqlı və beynəlxalq hüquq normalalarına uyğun mövqeyini dəstəkləməsi Hindistanda əsassız və isterik reaksiyalara səbəb olmasını anlamaq mümkün deyil. Hansı ki, Hindistan son illər Azərbaycanın ərazilərini 30 il işğalda saxlamış və yeni revanş hissi ilə alışıb yanan Ermənistanı ciddi şəkildə silahlandırır və bununla da Cənubi Qafqazda yeni müharibənin başlamısını təşviq edir, körükləyir. Hindistanın Azərbaycana qarşı bu cür, yumşaq desək, qeyri-dost addımları, təbii ki, cavabsız qala bilməzdi və qalmadı da.
- Azərbaycan və Türkiyəyə qarşı edilən boykot çağırışları nə ilə bağlıdır?
- Bu azmış kimi Hindistan Azərbaycan və Türkiyəyə qarşı iqtisadi baykot çağırışları edir. Təkcə Azərbaycana və Türkiyəyə deyil, Hindistan həttta, Özbəkistana da hind turistlərin getməsinin qarşısını alır. Bundan başqa Hindistanın Azərbaycanla iqtisadi əməkdaşlığının dayandırması və vətəndaşlarının ölkəmizi tərk etmələri barədə Yeni Dehlinin təlimatı olduğu haqqında xəbərlər də daxil olmaqdadır. Əlbəttə, bütün bu addımlar bizim Pakistanla olan dostluq və müttəfiqlik əlaqələrimizə zərrə qədər də təsiri olmayacaq. Hindistanın bu cür addımları bu ölkənin aqressiv və dağıdıcı mahiyyətini bir daha sübut etmiş olur. Əminəm ki, Azərbaycan qısa müddətdə hind turistlərini çinli turistlərlə əvəz edə biləcək. Sabah, mayın 30-da Milli Məclisdə Azərbaycan və Çin hökumətləri arasında ümumivətəndaş pasportlarına malik olan vətəndaşların qarşlılıqlı vizadan azad edilməsi haqqında Sazişin təsdiq olunması gözlənir. Əminəm ki, cənab Prezident tərəfindən müəyyən edilən bu siyasət çinli turistlərin ölkəmizə marağını ciddi şəkildə atrıracaq. Gərək turizm şirkətləri də bu sahədə daha fəal olsunlar.
- Müstəqillik Günü ilə bağlı ABŞ və digər dünya liderlərinin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktublarını necə xarakterizə etmək olar? Rəsmi Bakının regional və qlobal miqyasda artan rolu fonunda ünvanlanan məktublarda bu amillər özünü necə təsdiq edir?
- 28 May - Mütəqillik Günü ilə bağlı dünya liderlərinin, o cümlədən ABŞ Prezidentinin Prezident İlham Əliyevə göndərdiyi təbrik mesajlarında səsləndiridiyi fikirlərin, bu cür təbrik məktublarının hər bir sözü, hər bir cümləsi çox həssaslıqla seçilir və hər birinin xüsusi mənası və əhəmiyyəti olur. Məsələn, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə Müstəqillik Günü ilə bağlı göndərdiyi məktubunda qeyd olunur ki, Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşməsində, terrorizmə qarşı birgə mübarizədə, enerji təhlükəsizliyinin inkişafında ABŞ maraqlıdır. Habelə ABŞ Ermənistanla sülhə nail olmaq istiqamətində ölkəmizin atdığı addımları yüksək qiymətləndirir. Tramp ümid edir ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. Azərbaycan və Ermənistan arasında möhkəm sülhün əldə olunması ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. ABŞ qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edir. Göründüyü kimi, Tramp Azərbaycanın regionda oynadığı rolu çox yüksək qiymətləndirir və iki ölkə arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu göstərir. Bildiyiniz kimi, dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan ABŞ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırdır və bunun üçün konkret addımların atılması üçün ölkəmiz ciddi potensiala malikdir. Əminəm ki, hər iki tərəfdən olan bu cür müsbət mesajlar həm Azərbaycanın, həm də ABŞ-nin milli maraqlarına tam uyğundur və biz bu bəyanatların real həyatda tezliklə tədbiq olunacağını görəcəyik.