“İnter Mayami”nin ulduzları – uruqvaylı hücumçu Luis Suares və argentinalı hücumçu Lionel Messi eyni oyunda dubla imza atıblar.
Arena.az xəbər verir ki, onlar MLS müntəzəm mövsümünün “Monreal”la səfər oyununda fərqləniblər.
Qarşılaşma ABŞ klubunun 4:2 hesablı qələbəsiylə yekunlaşıb. Həm Messi, həm də Suares 90 dəqiqə meydanda olublar. Argentinalı futbolçu 27-ci və 87-ci dəqiqələrdə fərqlənib. Uruqvaylı forvard isə qollarını 68-ci və 71-ci dəqiqələrdə vurub. Suares həm də Messinin vurduğu ikinci qol zamanı məhsuldar ötürmə müəllifi olub.
Bu qələbədən sonra “İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 26 xalla 6-cı pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 15 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 18 oyuna 11 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 57 oyun, 45 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.