AZ

Moskvada pilotsuz aparatların qalıqları yaşayış binasına ziyan vurub — mer

Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə saatlarında Moskva üzərində bir neçə pilotsuz uçuş aparatını vurub, onlardan birinin qalıqları şəhərin cənub-qərbində yerləşən "Miraks Park" yaşayış kompleksinə düşüb. Bu barədə mer Sergey Sobyanin məlumat verib.

Onun "Telegram" kanalında bildirilir ki, ciddi dağıntı yoxdur, lakin bəzi mənzillərin şüşələri sınıb və hadisə yerində fövqəladə xidmətlər çalışır.

Baza və digər yerli "Telegram" kanallarının yaydığı məlumata görə, binanın bir neçə mərtəbəsində fasad zədələnib. Kompleks Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah Akademiyasının yaxınlığında yerləşir.

Moskvaya yaxın olan Odintsovo və Aprelevka sakinləri də gecə saatlarında partlayış səsləri eşitdiklərini bildiriblər. Hadisə zamanı Vnukovo hava limanında uçuşlar müvəqqəti təxirə salınıb.

Bu hadisə son aylarda baş verən ən genişmiqyaslı dron hücumları fonunda yaşanıb. 27 mayda Rusiya Müdafiə Nazirliyi Moskvaya yaxınlaşan 27 daxil olmaqla, ümumilikdə 112 dronun altı bölgədə vurulduğunu bildirmişdi.

Rusiya bu hücumlarda Ukraynanı ittiham edir və onları "terror aktları" adlandırır. Kiyev isə əvvəlki bəyanatlarında bu cür hücumların özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini bildirib.

N.Təbrizli

Seçilən
0
15
anews.az

10Mənbələr