“Universitetlərin sayını artırmaqdansa, təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Tələbələr universiteti bitirdikdən sonra sərbəst şəkildə özünə iş tapmalıdır. Təəssüf ki, univesitetlərdə təhsilin keyfiyyətində ciddi böhran müşahidə olunur”.
Bu sözləri "Yeni sabah"a sabiq deputat Etibar Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hər 10 min nəfərə düşən tələbə sayına görə postsovet məkanında olan ölkələrin əksəriyyətindən geridə qalır:
“Ümumiyyətlə, universitetlərin və ali təhsilli insanların sayı istiqamətində ciddi tədqiqatlar aparılır. Əslində, Azərbaycanda bu rəqəm ürəkaçan deyil. 10 min nəfərə düşən tələbə sayına görə postsovet məkanında olan ölkələrin əksəriyyətindən geridə qalırıq. Lakin bu o demək deyil ki, universitetlərin sayını artırmalıyıq.
Universitetlərin sayını artırmaqdansa, təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Tələbələr universiteti bitirdikdən sonra sərbəst şəkildə özünə iş tapmalıdır. Təəssüfl ki, univesitetlərdə təhsilin keyfiyyətində ciddi böhran müşahidə olunur. İndiki dövr təlqin edir ki, hər bir şəxs ali təhsil müəssisəsindən aldığı biliklərlə kifayətlənməməlidir.
Başqa bir ciddi məqam da var: bir qisim özəl universitet özünü doğrultmadı. Əgər özəl universitetlər dövlət universitetləri ilə Qərb modelinə uyğun olaraq rəqabət apara bilsəydilər, 51 univeristet kifayət edərdi.
Bütün abituriyentlərin 90 faizi özəl universitetləri sadəcə ehtimal kimi yazırlar. Özəl ali təhsil müəssisələri bu gün faktiki bu funksiyanı yerinə yetirirlər”.
Etibar Əliyevin diqqətə çatdırıb ki, ixtisaslar üzrə keçid ballarında artımlar olmalıdır:
“Digər tərəfdən, paralel ixtisaslar yaradıldı ki, bu da özünü doğrultmadı. Məsələn, BDU-da, ADPU-da olan ixtisasların bir çoxu başqa ali məktəblərdə də yaradıldı. Bu da şübhəsiz ki, keyfiyyət baxımından əsas ali təhsil müəssisələrinin verdiyi təhsildən geri qalır. Müəllim çatışmazlığı, universitetin özünün ixtisaslaşma problemi var.
Ümumiyyətlə, 150-200 bal göstəricisi klassik qiymətləndirmə ilə götürsək, 2-3 alan abituryentlərdən təşkil olunur. Bəzi universitetlər belə aşağı bal göstəricisi ilə tələbləri bir növ cəlb etməyə çalışır. Mən qəbul ballarının yüksəldilməsinin tərəfdarıyam. Aşağı balla ali məktəbə daxil olan şəxs heç vaxt yaxşı mütəxəssis kimi yetişə bilməz. Amma maraqlıdır ki, ali məktəblərdə belə tələbələr çox rahatlıqla məzun ola bilirlər”.
Nazim Hacıyev
Telegram kanalımız