Ötən gün Əmanətlərin Sığortalanması Fondunda Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək çərçivəsində talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutub.
“Qafqazinfo” xəbər verir ki, aksiyada könüllü donor kimi Fondun və ləğv prosesində olan bankların 100-dən çox əməkdaşı iştirak edib.
Fond tərəfindən həyata keçirilən sayca üçüncü qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus da uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olub.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordan qanın ümumi analizini götürüb, ardınca isə digər tibbi müayinələri keçirib.
Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.


