AZ

"Zara” brendinin banisi Amancio Orteqadan 5 uğur dərsi

“Zara” brendinin banisi kimi tanınan ispan milyarderi Amancio Orteqa bir zamanlar “Microsoft”un qurucusu Bill Qeytsi belə geridə qoyaraq dünyanın ən varlı insanı olmuşdu. Orteqanın qurduğu “Inditex” pərakəndə imperiyası -  "Zara", "Massimo Dutti", "Pull&Bear" kimi brendləri özündə birləşdirən 7 minə yaxın mağaza vasitəsilə illik 20 milyard dollar gəlir əldə edir və demək olar ki, 100 ölkədə fəaliyyət göstərir. Şəxsi sərvəti 77 milyard dolları aşan Orteqanın biznes dünyasında necə uğur qazandığı hər zaman maraq doğurur.

Valyuta.az milyarderin uğurunun arxasında dayanan beş əsas dərsi təqdim edir.

1. Sürət hər şeydir

1975-ci ildə "Zara"nı təsis edərkən Orteqa pərakəndə satış dünyasını inqilabi şəkildə dəyişdi. Onun strategiyası - “fast fashion” (sürətli moda) adlanan yanaşma — mağazalarda stokun həftədə iki dəfə yenilənməsi və sifarişlərin 48 saat ərzində təhvil verilməsini nəzərdə tuturdu. Bu, onun rəqiblərinə nisbətən bazarda daha çevik olmasına şərait yaratdı.

Moda həftəsində nümayiş olunan geyimlər mağazalara aylar sonra gəlib çatdığı halda, “Zara”da buna bənzər dizaynlar cəmi bir neçə həftəyə müştərilərə təqdim olunur.

2. Müştərinin nə istədiyinə diqqət yetir

“Müştəri hər zaman biznes modelinin mərkəzində olub”, — Orteqa 2009-cu ildə “Inditex”in illik hesabatında yazırdı. O, bu prinsipə sadiq qalaraq, moda kolleksiyalarının yaradılmasından tutmuş, mağazaların dizaynına və logistik sistemə qədər hər sahədə müştəri məmnuniyyətini əsas götürüb.

"Zara" moda şoularına deyil, bloqqerlərə və müştəri rəylərinə əsaslanır. Bu isə onu bazar trendlərinə daha tez uyğunlaşan şirkətə çevirir. Bu baxımdan Orteqa “Amazon”un qurucusu Ceff Bezosla ortaq düşüncəyə sahibdir: müştəriyə fokuslanmaq hər zaman uğurun açarıdır.

3. Təchizat zəncirinə nəzarət

Bir çox geyim şirkətləri istehsalatı ucuz işçi qüvvəsi olan ölkələrə ötürsə də, "Inditex" məhsullarının böyük hissəsini İspaniya, Portuqaliya və Mərakeşdə istehsal etdirir. Yəni, dizaynlar yerli atelyelərdə tikilir, materiallar isə Orteqanın nəzarətində olan fabriklərdə hazırlanır. Bu, yeni trendlərə çevik şəkildə reaksiya verməyə imkan yaradır və artıq məhsul yığımı riskini azaldır.

4. Kökünə sadiq qal

Orteqanın həyatı “yoxsulluqdan milyardçılığa” uzanan klassik bir hekayədir. Dəmir yolunda işləyən ata və ev işləri görən ananın övladı olaraq dünyaya gələn Orteqa, cəmi 14 yaşında məktəbi tərk edib ailəsinə maddi dəstək göstərmək üçün işləməyə başlayıb.

O, bu gün də sadə həyat tərzi ilə seçilir. “The Telegraph” qəzetinin məlumatına görə, onun şəxsi ofisi belə yoxdur. İspaniyanın La Korunya şəhərində yerləşən “Inditex” mərkəzində dizaynerlər, parçalar üzrə mütəxəssislər və alıcılarla eyni masada əyləşərək işə rəhbərlik edir.

5. Yeniliyi heç vaxt dayandırma

Orteqa 2007-ci ildə bir qrup biznes professoruna verdiyi açıqlamada bildirib ki, uğur heç vaxt zəmanətli deyil və özünəqənat ən pis vərdişdir: “Heç vaxt gördüyüm işlə kifayətlənmədim və ətrafımdakı insanlara da bu yanaşmanı aşılamağa çalışdım”.

Onun məşhur ifadələrindən biri belədir: “Ya inkişaf et, ya da yox ol. Əgər yenilik etmək istəyirsənsə, nəticəyə deyil, prosesə fokuslan”.

Orteqanın bu prinsipləri, təkcə moda və pərakəndə sektorunda deyil, biznesin bütün sahələrində uğur qazanmaq istəyənlər üçün dəyərli nümunələr ola bilər.

Sərvanə Rəmixanova

Seçilən
0
24
valyuta.az

10Mənbələr