Tokyo Universitetindən bir qrup tədqiqatçının apardığı yeni araşdırma süni intellekt (Al) dil modelləri ilə insan beynindəki bəzi nevroloji pozuntular, xüsusilə "Wernicke afaziyası" arasında gözlənilməz paralellər olduğunu ortaya qoyub.
Valyuta.az xəbər verir ki, bu tapıntı, həm süni intellektin, həm də insan beyninin informasiya işləmə mexanizmini anlamaqda yeni baxış bucağı təqdim edir.
Süni intellektlə beyin xəstəlikləri arasında paralellər
ChatGPT və LLaMA kimi inkişaf etmiş dil modelləri çox vaxt axıcı və inandırıcı cavablar verə bilir. Ancaq bəzən tam əminliklə səhv məlumat təqdim etmələri, onların işləmə prinsipi ilə bağlı suallar doğurur. Bu kontekstdə aparılan araşdırma göstərib ki, bu tip davranışlar, beynində "Wernicke afaziyası" olan insanların verdiyi reaksiyalara bənzəyir.
Bu pozuntu xəstənin axıcı, lakin mənasız və ya qarışıq danışmasına səbəb olur. Məhz bu xüsusiyyət ChatGPT-nin bəzən dərin struktura sahib, amma anlam baxımından qeyri-dəqiq cavabları ilə paralel aparılıb.
"Enerji mənzərəsi analizi" ilə məlumat axınına baxış
Tədqiqatçılar həm süni intellektin, həm də insan beyninin məlumatı necə emal etdiyini təhlil etmək üçün enerji mənzərəsi analizi adlı metoddan istifadə ediblər. Bu yanaşma, əslində fizika sahəsində istifadə olunurdu, lakin kompleks sistemlərin daxili dinamikasını anlamaq üçün effektiv olduğu sübut edilib.
Araşdırma nəticəsində, hem "Wernicke afaziyası" olan beyinlərdə, həm də dil modeli AI-larda, məlumatın “dairəvi şəkildə dolaşdığı”, nəticəyə yönəlməyən sərt və nizamsız strukturlar müşahidə edilib. Yəni süni intellekt, ehtiyac duyduğu məlumata çatmaqda çətinlik çəkir və bu zaman öz daxilində fırlanan, lakin məna yaratmayan cavablar ortaya çıxır – bu da afaziya xəstələrinin danışığı ilə oxşardır.
Yalan cavablar sistematik işləmə tərzinin nəticəsidir
Araşdırma göstərir ki, süni intellektin yanlış və ya mənasız cavablar verməsi, texniki bir səhv deyil, onun məlumatı emal etmə üsulunun təbii nəticəsidir. Bu yanaşma, süni intellekti yalnız məhsul olaraq deyil, dinamik və özünəməxsus düşüncə modelinə malik sistem kimi anlamağa imkan yaradır.
İnsan beyni və AI haqqında yeni anlayışlar
Bu nəticələr yalnız süni intellekt sahəsi üçün deyil, insan beyninin işləmə prinsiplərini anlamaq üçün də mühüm əhəmiyyət daşıyır. Belə ki, afaziya kimi xəstəliklərin diaqnozu zamanı yalnız davranış simptomlarına deyil, beynin məlumatı necə işlədiyinə də diqqət yetirilməlidir.
Bu tip analizlər daha əvvəl AI sistemlərinin autizmin müəyyən edilməsində istifadə olunması kimi ümidverici tətbiqləri də yada salır.
Gələcəkdə daha etibarlı süni intellektlər və diaqnostik üsullar mümkündür
Tədqiqat həmçinin süni intellekt tərtibatçılarına məlumata daha effektiv çıxış əldə edən və onu daha düzgün təşkil edən sistemlər dizayn etməkdə yol göstərə bilər. İnsan beyni ilə oxşar işləmə modelləri, bir tərəfdən daha güvənli AI sistemlərinin, digər tərəfdən isə nevroloji xəstəliklərin daha dərindən başa düşülməsinin yolunu aça bilər.
Paşa Məmmədli