Çin Xalq Respublikası son günlərdə hava qüvvələri, desant birləşmələri və raket-artilleriya sistemlərini Tayvan boğazına yaxın ərazilərə cəmləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Çin ordusu Tayvanı qısa müddət ərzində tam blokadaya almaq üçün hərbi hazırlığını başa çatdırıb.
Pekinin siyasi mesajı da açıqdır: "Tayvanla birləşmə artıq dayandırıla bilməz". Bu fikri Çin rəhbərliyi son aylarda dəfələrlə təkrar edib.
Qeyd edək ki, Tayvanla Çin arasındakı fikir ayrılığı yalnız bu günün siyasi böhranı deyil, XX əsrin ortalarına gedib çıxır.
1945-ci ildə Çin-Yaponiya müharibəsi bitdikdən sonra Çin daxilində iki qüvvə üz-üzə gəlib:
Çin Kommunist Partiyası (Mao Tszedunun rəhbərliyi ilə)
Çin Milli Partiyası — Kuomintang (Çan Kayşının rəhbərliyi ilə).
1949-cu ildə kommunistlər müharibədə qalib gəlib və Pekində Çin Xalq Respublikasını elan ediblər. Məğlub olan Kuomintang hökuməti isə Tayvan adasına çəkilərək burada öz hakimiyyətini davam etdiriblər.
Beləliklə, iki Çin formalaşıb: Materikdə Çin Xalq Respublikası, Tayvanda isə Çin Respublikasının (ROC) qalıqları.
Hazırda dünyanın yalnız azsaylı ölkələri Tayvanı rəsmi şəkildə müstəqil dövlət kimi tanıyır (bunlara əsasən Karib və Latın Amerikası ölkələri daxildir). ABŞ Tayvanla rəsmi diplomatik münasibət saxlamasa da, onu müdafiə etmə öhdəliyini daşıyır. Bu, "Tayvan münasibətləri aktı" (Taiwan Relations Act) əsasında həyata keçirilir.
Çin Xalq Respublikası "Bir Çin" siyasətinə əsaslanır və hesab edir ki, Tayvan Çin ərazisidir, onun müstəqil statusu qeyri-qanunidir və lazım gəldikdə güc tətbiq etməklə də birləşmə təmin olunacaq.
Bu mövqe daha sərt ritorikaya keçib, xüsusilə Tayvanda Çinlə birləşməyə qarşı çıxan müstəqillik tərəfdarları hakimiyyətə gəldikdən sonra. 2024-cü ilin yanvarında keçirilən seçkilərdə Çin əleyhdarı mövqeyi ilə tanınan Lai Ching Te prezident seçilib, bu isə Pekinin qəzəbinə səbəb olub.
“Financial Times”ın yaydığı məlumata görə, Çin ordusu artıq Tayvanın ətrafında dəniz və hava məkanını nəzarətə götürmək üçün planlar hazırlayıb, raket sistemləri və pilotsuz uçuş aparatları hazır vəziyyətdədir, blokada və desant əməliyyatları bir neçə saat ərzində həyata keçirilə bilər.
Bu hərəkətlər həm Tayvan hökumətinə təzyiq, həm də ABŞ və müttəfiqlərinə xəbərdarlıq xarakteri daşıyır.
ABŞ isə Tayvanı rəsmi tanımır, lakin onu silahlandırır və müdafiəsinə dəstək verir. Çinlə gərginliyin artmaması üçün “strateji qeyri-müəyyənlik” siyasəti yürüdür, yəni hərbi müdaxilə edib-etməyəcəyini dəqiq bildirmir.
Avropa İttifaqı da Tayvanla iqtisadi və texnoloji əməkdaşlıq etsə də, Çinlə münaqişəyə qarışmaqdan çəkinir.
Çinin blokada əməliyyatı isə Tayvana ciddi zərbə vuracaq, xüsusən iqtisadi baxımdan (Tayvan dünyada çip istehsalında liderdir). Hərbi müdaxilə isə regional və qlobal miqyasda münaqişəyə səbəb ola bilər.
Bu fonda Çin-Tayvan münasibətləri artıq sadəcə regional böhran deyil, qlobal güclər arasında qarşıdurma nöqtəsinə çevrilib. Növbəti addımın nə olacağı isə təkcə Asiya üçün deyil, bütün dünya üçün də həlledici ola bilər.
Bizim.Media