"Made in Azerbaijan" – bu ifadə Azərbaycanın məhsullarının beynəlxalq bazarda tanıdılması və ixracının təşviqi məqsədi ilə yaradılmış milli brenddir. Bu təşəbbüs Prezident İlham Əliyevin 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Strateji Yol Xəritəsi”nin tərkib hissəsi olaraq həyata keçirilir və ölkədə istehsal olunan məhsulların xarici bazarlara çıxışını asanlaşdırmağa, Azərbaycanın ixrac potensialını artırmağa xidmət edir.
Milli məqsəd: Yerli istehsalı gücləndirmək, ixracı artırmaq
Brendin əsas məqsədləri yerli istehsalın gücləndirilməsi və qeyri-neft ixracının inkişaf etdirilməsidir. Əsas məqsəd ixracın təşviqidir. Azərbaycan hökuməti yerli istehsalçılara dəstək verərək onların məhsullarının xaricdə tanıdılmasını və satışını genişləndirməyi hədəfləyir. Bu yanaşma, yerli məhsulların keyfiyyətinin artırılmasına və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib. Bu da öz növbəsində neftdən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirmək məqsədi güdür.
Milli məhsulların beynəlxalq səviyyədə tanıdılması onların yeni bazarlara daxil olması ilə nəticələnir. Bu brendin uğurlu tətbiqi Azərbaycanın qlobal iqtisadiyyatdakı mövqeyini gücləndirə bilər.
"Made in Azerbaijan" brendinin ixrac təşviqləri
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, xarici bazarlarda "Made in Azerbaijan" brendinin təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə bir sıra tədbirlər nəzərdə tutulub:
• Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi aşağıdakı tədbirlərdən ibarətdir:
• Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak;
• Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak;
• Dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi;
• Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili;
• Xarici ölkələrin ictimai yerlərində və mediasında “Made in Azerbaijan” brendinin təbliği.
"Made in Azerbaijan" brendinin dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən təşviqi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir.
Azərbaycan hökuməti xüsusilə Azexport.az portalı vasitəsilə “Made in Azerbaijan” məhsullarının beynəlxalq bazarlarda tanıdılmasını və satışını dəstəkləyir. Bu platforma vasitəsilə Azərbaycan istehsalı olan məhsullar, Amazon və eBay kimi beynəlxalq saytlarında satışa çıxarılır.
Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Modern.az-a bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə bir sıra vacib tədbirlər həyata keçirir. Qurum rəqabətqabiliyyətli və sertifikatlı məhsulları seçərək "Made in Azerbaijan" loqotipi altında təbliğ edir.
Xarici sərgilərdə iştirak etmək istəyən istehsalçılara dövlət tərəfindən dəstək göstərilir. İxracatçılar sərgilərdə iştirak edərkən xərclərinin 50 faizədək hissəsini dövlətin qarşılaması ilə bu imkandan yararlanırlar.
Məhsulların xarici bazarlara çıxarılması üçün marketinq və reklam dəstəyi verilir. AZPROMO məhsulların xaricdə təbliği üçün müxtəlif reklam və marketinq kampaniyaları təşkil edir ki, bu da onların satışını artırmağa şərait yaradır.
Bundan əlavə ixrac missiyaları Azərbaycan istehsalçılarının xarici bazarlara yönəlməsinə və yeni əlaqələr qurmasına imkan verir. Bu missiyalar çərçivəsində potensial alıcılarla birbaşa görüşlər keçirilir və əməkdaşlıq imkanları müzakirə olunur.
Nardan şəraba, xalçadan polimerlərə qədər uğurlu ixrac nümunələri
Azərbaycanın "Made in Azerbaijan" brendi son illər dünya bazarlarında böyük uğurlar qazanıb.
Azərbaycan xüsusilə Göyçay narı ilə tanınır və nar məhsulları dünya bazarlarında yüksək qiymətləndirilir. Bu məhsulun əsas ixrac bazarları Rusiya, Almaniya və BƏƏ-dir.
Zaqatala fındığı da dünya bazarında keyfiyyəti ilə məşhurdur və yüksək qiymət alınır. Fındığın əsas ixrac bazarları İtaliya, Almaniya və Rusiyadır.
Azərbaycan şərabları yerli üzümlərdən hazırlanan və qədim ənənələrə dayanan keyfiyyəti ilə tanınır. Şərab və digər spirtli içkilərin əsas ixrac bazarları arasında Çin, Polşa və Fransa xüsusi yer tutur.
Azərbaycan xalçaçılığı da dünya bazarlarında məşhurdur. Quba, Təbiz və Qarabağ xalçaları Azərbaycanın zəngin mədəni irsini təmsil edir və əsas ixrac bazarları ABŞ, Fransa və Yaponiya kimi ölkələrdir.
SOCAR polimer məhsulları sənaye sahələrində geniş istifadə olunur. Polipropilen və digər sənaye mallarının əsas ixrac bazarları Gürcüstan, Türkiyə və Qazaxıstandır.
Yeni ixrac imkanları: təbii və innovativ məhsullar
"Made in Azerbaijan" brendi altında müxtəlif yeni məhsul kateqoriyalarının inkişafı və ixracı ilə bağlı potensial mövcuddur.
Azərbaycanın zəngin flora və təbii resurslarından faydalanaraq bir sıra kosmetik məhsullar istehsal və ixrac etmək mümkündür. Bu baxımdan üzvi kosmetik krem və yağlar, təbii sabunlar, Naftalan terapiyası əsasında hazırlanan spa məhsulları ön plana çıxır. Bu məhsullar xüsusilə Avropa, Asiya və Yaxın Şərq bazarlarında maraq doğura bilər.
Təbii otlarla hazırlanan çaylar və əlavələr xarici bazarlara çıxarıla bilər. Zəfəranlı, dağ nanəli, kəklikotulu çaylar, arı südü, propolis və digər təbii əlavələr təbii və orqanik məhsullara tələbatın artdığı Qərb bazarlarında böyük maraqla qarşılanır.
Yerli startaplar tərəfindən hazırlanmış tətbiqlər və proqram təminatları, təhsil texnologiyaları (, kibertəhlükəsizlik və data analiz sistemləri kimi texnoloji məhsullar, xüsusilə rəqəmsal dövrə keçid edən bazarlarda uğurla satıla bilər.
"Made in Azerbaijan" yalnız məhsullarla məhdudlaşmır, həm də xidmətlər sahəsində ixrac imkanları yaradır. Azərbaycanın turizm potensialını artırmaq və beynəlxalq səviyyədə təbliğ etmək məqsədilə turizm paketləri, mədəniyyət festivalları və kulinariya turları kimi xidmətlər təqdim edilə bilər.
"Made in Azerbaijan" brendi yalnız bir istehsal nişanı deyil. Bu, Azərbaycanın dünyaya açılan iqtisadi qapısı, mədəniyyət və keyfiyyət göstəricisidir. Dövlətin bu istiqamətdə atdığı addımlar və sahibkarlara verdiyi dəstək sayəsində yaxın illərdə bu brendin beynəlxalq nüfuzu daha da güclənəcək.