AZ

Müşfiq Əhməli: “Azərbaycan və Türkiyənin investisiya iştirakçıları bir-birinin bazarına çıxış əldə edə bilirlər”

BAKI, 23 may. TELEQRAF

“Hazırda Türkiyənin Mərkəzi Qeydiyyat Təşkilatı (MKK) ilə birbaşa texniki və hüquqi əlaqəmiz mövcuddur. Bu əməkdaşlıq çərçivəsində hər iki ölkənin investisiya iştirakçıları müəyyən texniki prosedurlar vasitəsilə qarşılıqlı şəkildə bir-birinin bazarına çıxış əldə edə bilirlər”.

Teleqraf xəbər verir ki bu açıqlamanı Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müşaviri Müşfiq Əhmdəli “Maliyyə İnvestisiya Forumu 2025”də deyib.

O, əlavə edib ki, bu, Azərbaycan bazarı üçün ilk real təcrübə olub və gələcək beynəlxalq əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayıb.

MDM rəsmisi qeyd edib ki, hazırda strateji əhəmiyyət daşıyan digər bir təşəbbüs Clearstream ilə əməkdaşlıqdır: “Bu beynəlxalq mərkəzi depozitar sistemində MDM-in hesab açması istiqamətində işlər aparılır. Qeyd etməliyəm ki, əməkdaşlıq hələ ilkin mərhələdədir, tərəflər arasında bir neçə raund görüşlər keçirilib, sənəd mübadiləsi və risk uyğunluğu üzrə ilkin məlumatlar təqdim olunub. Əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri və institusional investorların Clearstream platformasında təqdim olunan qlobal maliyyə alətlərinə – xüsusilə dövlət istiqrazlarına, beynəlxalq səhmlərə, ETF-lərə və digər likvid məhsullara birbaşa çıxışını təmin etməkdir. Bu hesabın açılması ilə yerli investorlar xarici bank hesabı açmadan, əlavə vasitəçilərə ehtiyac duymadan, öz ölkələrində, yerli infrastruktur üzərindən qlobal bazarlara sərmayə yatırmaq imkanına sahib olacaqlar.

Bu cür əlaqələrin yaradılması təkcə investor rahatlığı ilə yekunlaşmır. Bazara çoxşaxəli təsirləri gözlənilir. İlk növbədə bazar likvidliyi artacaq, çünki yerli iştirakçılar portfellərini yalnız yerli qiymətli kağızlarla deyil, həm də beynəlxalq alətlərlə formalaşdıracaqlar. İkinci mühüm təsir isə daxili bazarın tələbat əsasında daha çevik inkişafıdır, çünki investorlar hansı məhsullara maraq göstərirsə, emitentlər və tənzimləyici orqanlar həmin istiqamətdə daha çox təşəbbüs göstərəcəklər.

Bundan əlavə, Clearstream standartlarına uyğunlaşmaqla MDM-in infrastrukturu daha da təkmilləşəcək və bu da gələcəkdə digər beynəlxalq platformalarla əməkdaşlıq üçün əlavə zəmin yaradacaq. Bu cür əlaqələr ölkəyə valyuta axınlarını artırmaq, institusional investorların marağını cəlb etmək və bütövlükdə bazara olan etibarı gücləndirmək baxımından da önəmlidir”.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr