Ukraynanın birinci xarici işlər nazir müavini Sergey Kislıtsa “Ми — Україна” telekanalına müsahibəsində İstanbulda Rusiya ilə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi görüş zamanı "təhqir, təhdid, kinayə və mənəviyyatsız bəyanatlarla dolu" çıxışlar edib.
Kislıtsa bildirib ki, Rusiya nümayəndə heyəti danışıqlar zamanı dörd Ukrayna vilayətinin “tələb olunduğunu”, sabah isə bu sayın altı və ya səkkizə çatacağını “proqnozlaşdırıb”. O, həmçinin rus nümayəndələrinin Ukrayna tərəfini hədələdiyini və bəzi nümayəndələrin “yaxınlarını itirə biləcəkləri” ilə təhdid olunduğunu təsdiqləyib.
Ən sarsıdıcı məqamlardan biri isə Rusiyanın nümayəndə heyətinin rəhbərinin dediyi sözlər olub:
“Bu müharibədir, burada ruslar rusları öldürür, sadəcə bəzi nüanslarla”.
Kislıtsanın sözlərinə görə, bu cür ifadələrlə Rusiya tərəfi Ukrayna xalqının mövcudluğunu belə inkar edir:
“Onlar üzünə baxaraq deyirlər: ‘Sən ukraynalı deyilsən, sən – russan’. Bu, bir xalqın varlığını inkar etməkdir”.
Toğrul İSMAYIL,
Musavat.com