"Bunun əsas səbəbi milyardçının könüllü şəkildə siyasətdən çəkilməsi yox, daha çox bir sıra uğursuzluqlar və ictimai təzyiqlərdir..."
İlon Mask Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlində ABŞ siyasətində ən nüfuzlu şəxslərdən biri sayılıb, halbuki o, heç bir seçkili vəzifə daşımayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Nəşr yazır ki, Mask federal sistemin işini optimallaşdırmaq məqsədilə yaradılan Dövlət Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edib və yeni administrasiyanın texnokratik yanaşmasının rəmzinə çevrilib.
Nəşr qeyd edir ki, bu gün Maskın siyasi fəaliyyəti demək olar ki, tam dayanıb. Bunun əsas səbəbi milyardçının könüllü şəkildə siyasətdən çəkilməsi yox, daha çox bir sıra uğursuzluqlar və ictimai təzyiqlərdir. Qəzetin yazdığına görə, Mask Ağ Evdəki fəaliyyətinin nəticələrindən dərin şəkildə məyus olub. Onun gözləntiləri tez bir zamanda reallıqla toqquşub: bürokratik müqavimət, mediada tənqidlər və həm tərəfdarların, həm də opponentlərin narazılığı ilə üzləşib.
Xüsusilə "Tesla" obyektləri ətrafında keçirilən etiraz aksiyaları, vandallıq aktları, enerji doldurma stansiyalarının yandırılması və hətta salonlara atəş açılması kimi hadisələr onun üçün ağır zərbə olub. Bu, Maskı ictimai görüntüsünü azaltmağa vadar edib. O, həm özünün, həm də ailə üzvlərinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaşayıb.
2025-ci ilin ilk rübündə "Tesla"nın maliyyə göstəricilərinin pisləşməsi və elektromobil bazarında artan rəqabət də Maskın diqqətini əsas bizneslərinə yönəltməsinə səbəb olub. Mənbələrin bildirdiyinə görə, o, hazırda "Tesla" və "SpaceX"-ə şəxsən nəzarət etməyə qərar verib, çünki bu şirkətlər onun şəxsi iştirakı olmadan inkişafını davam etdirməkdə çətinlik çəkə bilər.
Maskın siyasi arenadan çəkilməsi ilə bağlı verdiyi rəsmi açıqlamalarda bu qərarın arxasında "strategiya" olduğu bildirilsə də, nəşrə danışan mənbələr bunun əksini deyir: bu, daha çox ardıcıl uğursuzluqların, ictimai təzyiqlərin və şəxsi məğlubiyyət hissinin nəticəsidir. Maskın DOGE rəhbəri kimi atdığı addımlar, o cümlədən dövlət qulluqçularının kütləvi ixtisarları geniş tənqidlərə səbəb olub. Onun ABŞ prezidenti Donald Trampa yaxınlığı da əlavə təzyiqlərə yol açıb.
Mask artıq "Tesla" və "SpaceX"-də texnoloji yenilikləri irəli aparmaq niyyətindədir. Bu il tamamilə avtonom avtomobil təqdim etməyi, eləcə də növbəti nəsil "Starship raketini buraxmağı planlaşdırır. 2026-cı ildə isə Marsa pilotsuz kosmik donanma göndərmək istədiyini açıqlayıb, bu, onun çoxdankı arzusu olan Marsın məskunlaşması yolunda mühüm addım olacaq.
Mayın 20-də Mask siyasi xərclərini azaltmaq niyyətində olduğunu bildirib və bu qərarın guya siyasi nəticələrlə bağlı olduğu fikrini rədd edib. Mayın 19-da "Politico" qəzetinin apardığı təhlildə qeyd olunub ki, Mask artıq ABŞ prezidentinin sosial şəbəkələrində nadir hallarda xatırlanır və siyasi informasiya məkanından demək olar ki, itib. Bu da Respublikaçılar Partiyası üçün əlavə üstünlüklər yarada bilər. Hazırkı mərhələdə İlon Mask siyasətdən uzaqlaşıb. Onun siyasi səhnəyə qayıdacağı isə, heç olmasa yaxın zamanda, gözlənilmir.