AZ

Ukrayna və Rusiya arasında əsir mübadiləsinin 3-cü mərhələsi sona çatdı - FOTO

Ukrayna və Rusiya Federasiyası “1000-in 1000-ə” formatında əsirlərin mübadiləsinin üçüncü mərhələsini həyata keçiriblər. Bu gün 300-dən çox şəxsi geri qaytarmaq mümkün olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

“303 ukraynalı hərbçi evə döndü. Türkiyədə razılaşdırılmış “1000-in 1000-ə” formatında mübadilənin üçüncü mərhələsi başa çatdı”, – deyə o bildirib.

Bu dəfə azad olunanlar arasında Ukrayna Silahlı Qüvvələrinin, xüsusilə Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin, Desant-Hücum Qoşunlarının, Ərazi Müdafiə Qüvvələrinin, həmçinin Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndələri var.

Hərbi Əsirlərlə iş üzrə Koordinasiya Qərargahı dəqiqləşdirib ki, bu gün azad olunan 303 müdafiəçinin hamısı kişi, əsgər və çavuş heyətinin nümayəndələridir.

Onlar Ukraynanı Donetsk və Luqansk istiqamətlərində, Zaporojye, Xarkov, Xerson, Sumı və Çerniqov vilayətlərində müdafiə ediblər.

Ümumilikdə, 2022-ci ilin mart ayından bu günə qədər Koordinasiya Qərargahı tərəfindən 5757 ukraynalı vətəndaş azad olunub. Daha 536 ukraynalı isə mübadilə xaricində geri qaytarılıb.

Qeyd edək ki, mübadilənin birinci mərhələsi mayın 23-də baş tutub. Ukrayna 270 hərbçi və 120 mülki şəxs olmaqla, ümumilikdə 390 nəfəri geri qaytarıb. Əvvəlki əsirlər arasında müxtəlif qoşun növlərindən olan döyüşçülər olub, onlar Donetsk, Luqansk, Xarkov və digər istiqamətlərdə vuruşublar. Bəziləri 3 ildən artıq müddətdə əsirlikdə olublar.

Mayın 24-də daha 307 ukraynalı hərbçi geri qayıdıb. Onların arasında Desant-Hücum Qoşunlarının, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Ərazi Müdafiə Qüvvələrinin döyüşçüləri, sərhədçilər və milli qvardiyaçılar var. Onların ən gənci 25, ən yaşlısı isə 61 yaşındadır. Aralarında yaralılar və xəstələr də var.






Bizim.Media

Seçilən
0
1
bizim.media

10Mənbələr