AZ

Xabi Alonso - “Real”ın yeni baş məşqçisi!

Almaniyanın “Bayer” komandası ilə yollarını ayıran ispaniyalı mütəxəssis Xabi Alonso Madrid “Real”ının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayııb.

İtaliyalı mütəxəssis Karlo Ançelotti ilə yollarını ayıran “Real”ın bu postu məhz ispan məşqçiyə tapşıracağı gözlənilən idi. Madrid klubu bu gün rəsmi saytı vasitəsilə açıqlama yayaraq bu məlumatı rəsmən təsdiqləyib. 43 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırırdı. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. Lakin o, məhz “Real”dan aldığı təklifə görə Almaniya klubundan erkən ayrılmağa qərar verib.

“Bayer” 43 yaşlı Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klub idi. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışmışdıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

2023/2024-cü illər mövsümündə Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.

Həmçinin Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

2024/2025-ci illər mövsümündə Xabi “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.

Xabi Alonso “Bayer”i ümumilikdə 140 oyuna çıxarıb, 89 qələbə, 32 heç-heçə, 19 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 315:155 nisbətindədir.

34 oyundan 69 xal toplamış “Bayer” Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 2-ci pilləsində başa vuraraq, gümüş medal qazanıb.

Seçilən
0
6
arena.az

10Mənbələr