AZ

İş axtaranlara HÖRMƏTSİZLİK- Vəd verib, yoxa çıxanlar kimlərdir?

Belə bir deyim var: “İki HR görüşmək üçün vədləşdi, amma bir-birinə zəng etməyi unutdular”.

Zarafatyana deyilmiş bu sözdə həqiqət payı da var. İş axtaranların ən şox şikayət etdiyi məsələlərdən biri də budur: İnsan Resursları əməkdaşları (HR – Human Resource) vakansiya üçün müraciət etmiş namizədlərə geri zəng etmir və ya yazılı şəkildə məlumat vermirlər.

Bunu çox zaman CV-lərin Avtomatik Seçim Sistemlərindən (ATS) keçməməsi ilə əlaqələndirirlər (əgər CV-də vakansiya ilə əlaqəli açar sözlər və uyğun format yoxdursa, sistem onu avtomatik olaraq kənarlaşdıra bilər).

Lakin narazılıqlar heç də həmişə texniki məsələlərlə bağlı olmur.

Bəzən HR-ların laqeydliyi və qeyri-peşəkarlığı iş üçün müraciət edən vətəndaşları narazı salır. Yaxud namizədə işə qəbulla bağlı söz verib, sonra yayınma halları olur, günlərlə HR-dan nigaranlıqla cavab zəngi gözləyirlər. Bəzən müsahibə zamanı kobud şəkildə CV-ni namizədin gözü önündə cıran HR-lar da tapılır. İş üçün gəlmiş, aylardır axtarışda olan insanın çarəsizliyindən istifadə edərək öz eqolarını təmin etmək cəhdi doğrudan da bağışlanmaz və qeyri-etikdir. Belə HR-ların qeyri-peşəkar hərəkətləri haqlı olaraq pislənilir, nəticədə isə HR-lara qarşı mənfi fikir formalaşmasına səbəb olur.

“İş axtaranlara sayğısızlıq təşkilatın nüfuzuna zərər vurur”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış HR mütəxəssisi Çimnaz Qasımova bildirdi ki bu problem cəmiyyətimizdə HR peşəsinin nüfuzu və insani yanaşması ilə birbaşa bağlıdır:

“Təəssüf ki, bəzi hallarda namizədlərin HR-larla yaşadıqları mənfi təcrübələr ümumiləşdirilərək bütün peşəyə kölgə salır. Bu sahədə etik dəyərlər, hörmət və şəffaflıq sadəcə gəlişi gözəl sözlər deyil, peşəkar davranışın təməlidir. Namizədin CV-ni cırmaq, sayğısızlıq göstərmək, geri dönüş etməmək nəinki etik deyil, həm də təşkilatın nüfuzuna, brendinə zərər vurur, HR-ın təmsil etdiyi qurum haqqında mənfi rəy formalaşdırır”.

“Bu sahədə ciddi maariflənməyə ehtiyac var”

Ç.Qasımova onu da qeyd etdi ki, Azərbaycanda HR-ların davranışlarına nəzarət edən ayrıca bir qurum mövcud deyil: “Lakin bu, məsuliyyətsizliyə haqq qazandırmır. Peşəkar HR-lar hərə öz daxilində və ya təmsil etdikləri  təşkilatların kodeksləri çərçivəsində məsuliyyət daşıyırlar.

Beynəlxalq səviyyədə isə HR peşəsini tənzimləyən müxtəlif kodekslər və etika standartları mövcuddur. Düşünürəm ki, bizdə də bu sahədə ciddi maariflənməyə ehtiyac var. HR – sadəcə işçi seçmək deyil, həm də işçini görə bilməkdir”.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
0
7
bizim.media

8Mənbələr