AZ

MTK-ların “gizli şərtləri” - Gecikən ödəniş, itirilən mənzil - VİDEO

Sosial şəbəkələrdə MTK-lardan (mənzil-tikinti kooperativləri) daxili kreditlə mənzil alan vətəndaşların şikayətlərinə tez-tez rast gəlinir. İctimai müzakirələrdə bu məsələ xüsusilə son illərdə daha da aktuallaşıb. İnsanlar hesab edirlər ki, bank ipotekasından fərqli olaraq, MTK-ların daxili kredit şərtləri daha sərfəlidir və sənədləşmə prosesi az bürokratikdir. Bu səbəbdən bir çox vətəndaş ilkin mərhələdə ipoteka əvəzinə MTK-ların təklif etdiyi daxili kreditlərə üstünlük verir.

Lakin təcrübə göstərir ki, bu seçim bəzən daha ciddi problemlərə yol açır. Çünki bu cür kreditlər əksər hallarda bank nəzarətindən kənarda, şəffaf olmayan şərtlərlə verilir və müqavilə şərtləri tam şəkildə izah olunmadan imzaladılır. Vətəndaşlar ödəniş qrafikində cəmi 2-3 aylıq gecikməyə görə çox vaxt gözlənilməz şəkildə on minlərlə manat məbləğində cərimələrlə qarşılaşır, hətta mənzilin geri alınması ilə üzləşirlər.

Bəzən bu cür hallar tərəflər arasında ciddi mübahisələrə, məhkəmə çəkişmələrinə və vətəndaşların mülkiyyət hüququnun itirilməsinə səbəb olur. Mövcud vəziyyət bir daha göstərir ki, daxili kreditlə mənzil alarkən hüquqi biliklərin və dəqiq müqavilə şərtlərinin nə qədər əhəmiyyətli olduğu nəzərə alınmalıdır.

Bəs bu problemlərin hüquqi və praktik tərəfləri nədən ibarətdir? MTK-lar bu addımları atmaqda haqlıdırmı? Vətəndaş öz hüquqlarını necə qoruya bilər?

“Report” bu sualların cavabını tapmaq üçün mütəxəssislərlə danışıb, məsələnin hüquqi mexanizmlərini və mümkün həll yollarını araşdırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, mənzili daxili kredit və ya ipoteka ilə alan şəxslər müqavilədəki şərtlərlə razı deyilsə, notarial qaydada hüquqşünas yardımı ilə istənilən bəndi əlavə edə və ya çıxara bilər:

“Əgər vətəndaş krediti hər ay yox, iki və ya üç ayda bir ödəyəcəksə, bu hal müqavilədə xüsusi bəndlə qeyd olunmalıdır. Əgər müqavilədə bu qayda açıq şəkildə göstərilərsə, MTK mənzili geri ala bilməz. Əks halda vətəndaşın gecikdiyi ödənişlər səbəbilə MTK məhkəmə qərarı olmadan belə cərimə tətbiq edə və ya mənzili geri ala bilər”.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti Zaur Həsənov isə ipoteka ödənişlərində gecikmənin nəticələrindən danışır:

“Qanunvericiliyə əsasən, kredit ödənişində 90 günlük gecikmə baş verdikdə, kredit verən qurum borcun təminatı məqsədilə ipoteka predmetinə - yəni mənzilə -yönəlməklə borcun ödənməsi üçün müvafiq dövlət orqanına müraciət edə bilər”.

Hüquqşünas Hikmət Əliyev isə qeyd edir ki, ipoteka müqaviləsinin əsas məqsədi borcun təminatıdır:

“Əgər borc qaytarılmırsa, kreditor məhkəməyə müraciət edir. Məhkəmə qərarı icraya yönəldilir və mənzil icra məmuru tərəfindən hərraca çıxarılır. Mənzil satıldıqdan sonra əldə edilən vəsait borcun ödənilməsinə, qalan məbləğ isə məhkəmə xərclərindən sonra mənzilin əvvəlki sahibinə qaytarılır”.

Bu səbəbdən vətəndaşlara məsləhət görülür ki, MTK və ya bankla müqavilə imzalamazdan əvvəl şərtləri diqqətlə oxusunlar, lazım gəldikdə hüquqşünas yardımı alsınlar və ödəniş mexanizmini müqavilədə dəqiq şəkildə göstərsinlər.

Daha ətraflı videomaterialı təqdim edirik:

Seçilən
0
4
report.az

10Mənbələr