Son aylarda ölkədə əmlak bazarında müşahidə olunan süni qiymət artımları geniş ictimai narahatlıq doğurur. Xüsusilə orta və aşağı gəlirli ailələr üçün mənzil sahibi olmaq getdikcə əlçatmaz bir arzuya çevrilir. Əmək bazarında maaşların artım tempi ilə mənzil qiymətləri arasında böyük uçurum yaranması, vətəndaşları alternativ yollar axtarmağa vadar edir. Bu şəraitdə insanlar əsasən iki seçim qarşısında qalır: ipoteka krediti vasitəsilə mənzil almaq, yoxsa uzunmüddətli kirayə yolu ilə yaşamaq. Bəs hansı daha sərfəlidir?
Moderator.az-a Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda mənzil qiymətlərini bazar müəyyənləşdirir. Bu səbəbdən süni qiymət artımından danışmaq olmur.
Onun sözlərinə görə, ev tikən şəxslər və şirkətlər istədikləri qiyməti müəyyən edə bilirlər. Onların əsas öhdəliyi isə satışdan əldə olunan gəlirdən yalnız vergi ödəməkdir. Dövlət burada əsasən standartlara, keyfiyyətə və vergiyə nəzarət edir, qiymətə isə birbaşa nəzarət edə bilmir.
Ekspertin fikrincə, mənzil qiymətlərinin bahalaşmasının əsas səbəbi tikinti üçün nəzərdə tutulan torpaqların çox baha olmasıdır:
“Mənzil tikintisi ilə bağlı fəaliyyətə nəzarət edən 14-ə yaxın dövlət və hökumət qurumu mövcuddur. Şirkətlər bu qurumlarla müxtəlif müqavilələr bağlamalı, müəyyən xidmətlər göstərməlidirlər. Bütün bunlar mənzil qiymətlərinin artmasına təsir edən amillərdəndir. Üstəlik, bazarda tələbin çox olması da qiymətləri yüksəldir. Hazırda mənzil almaq üçün ən sərfəli yol ipoteka, xüsusilə 4%-lik sosial ipoteka və ya kirayə əsasında mənzil sahibi olmaqdır. Lakin bu imkanlar çox məhduddur. Belə ki, bu yolla il ərzində cəmi 700-800 mənzil satışa çıxarılır, halbuki mənzilə ehtiyacı olanların sayı xeyli çoxdur”.
N.Cəfərli hesab edir ki, Azərbaycanda, xüsusən Bakı şəhərində mənzil qiymətlərinin tənzimlənməsi “Böyük Qayıdış” proqramının sürətli icrasından asılıdır. Əgər yüz minlərlə insan işğaldan azad edilmiş torpaqlara geri köçürülərsə, bu zaman Bakıda mənzil bazarındakı ajiotaj azalar və qiymətlər nisbətən stabilləşə bilər.
Mehin Mehmanqızı