Əli Mustafa: “Çox güman ki, tərəflər arasında hansısa gizli danışıqlar aparılır”
İran Azərbaycanla birgə işğaldan azad olunan ərazidə “Araz-2025” birgə hərbi təlimləri keçirərkən, bu ölkənin müdafiə naziri Amir Əziz Nasirzadə təcili İrəvana gedib və orada Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil.
Nasirzadə İrəvanda bunu deyib: “İranın əsas siyasəti bütün qonşularla, xüsusilə də Ermənistanla münasibətləri gücləndirməkdir və bu yolda heç bir maneə bizi dayandıra bilməz”.
Məgər belə tez-tələsik İrəvana səfər etmək, belə qıcıq doğuracaq açıqlama ilə çıxış etmək lazım idi?
“Tez-tələsik Ermənistana gedirlər ki, “balansı” gözlədiklərini bununla nümayiş etdirsinlər”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın müdafiə nazirinin İrəvana səfər etməsi, orada Papikyanla görüşüb hansısa bəyanatlar verməsi qeyri-adi bir şey deyil: “Ən azından ona görə ki, İranın 90-cı illərin əvvəllərindən üzü bəri Ermənistana isti münasibət bəsləməsi bizə məlumdur. Tehran onsuz da hər zaman İrəvanı müdafiə edir, dəstəkləyir. Ancaq budəfəki səfərin tez-tələsik gerçəkləşməsi pərdəarxası danışıqlarla əlaqədardır. Çox güman ki, tərəflər arasında hansısa gizli danışıqlar aparılır. Çünki son vaxtlar bizim regionla bağlı sanki bir hərəkətlənmə var. Rusiya-Birləşmiş Ştatlar danışıqları, həmçinin son vaxtlar Tehranla Vaşinqton arasında olan danışıqlar onu deməyə əsas verir ki, bölgəmizdə sanki yeni proseslər başlayıb. Yaxud da baş verməkdədir. Sadəcə, hələlik bu, ictimaiyyət üçün açıq deyil. Hər halda, son vaxtlar İsrail-Suriya anlaşmasının Azərbaycanda olması amili var. Fikrimcə, bu, İranı qıcıqlandıra bilər. Konkret olaraq Ermənistan ərazilərinə gəldikdə, əslində hansısa narahatlığa əsas yoxdur. Ən azından ona görə ki, İran-Ermənistan sərhədində bir narahatlıq yoxdur. Zəngəzur dəhlizinə gəldikdə isə, onsuz da İran qərəzli olaraq buna qarşıdır. Nasirzadənin “İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur” deməsi isə cəfəngiyatdır. Sanki Ermənistan 200 ildir mövcuddur. Ola bilsin, İran Ermənistanla əməkdaşlığa don geyindirməkdən ötrü belə açıqlama verir. Ən nəhayət, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfər etməsi onu deməyə əsas verir ki, bölgə ilə bağlı müəyyən bir tətikləmə var. Görünür, sözügedən proseslərdən İran da kənarda qalmaq istəmir. Ancaq nəzərə almaq lazımdır ki, İran həm Azərbaycanla birgə hərbi təlimlər keçirir, həm də səfirlik əməkdaşımızı öldürəni edam edir. Ona görə tez-tələsik Ermənistana gedirlər ki, “balansı” gözlədiklərini bununla nümayiş etdirsinlər. Bununla demək istəyirlər ki, Azərbaycana nə qədər diqqət yetiririksə, Ermənistana bundan bir az da artıq diqqət yetiririk”.
Vidadi ORDAHALLI