İranın Azərbaycandakı sonuncu səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü ilin may ayında başa çatıb. Artıq bir ildir ki, İran Azərbaycana səfir təyin edə bilmir.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Tehranda keçirilən 36-cı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib ki, İranın Azərbaycana səfirinin seçilməsi prosesi yekun mərhələdədir.
Onun sözlərinə görə, İranın Azərbaycana səfirinin seçilməsi ilə əlaqədar lazımi işlər görülüb.
Bəqai bildirib ki, İranla Azərbaycan arasında münasibətlər həmişə dostluq və normal çərçivədə olub.
Seçim nəyə görə bu qədər uzanır?
Qəhrəman Nurani: "Qeyri-rəsmi məlumata görə, Xarici İşlər Nazirliyində Azərbaycan əsilli diplomat Müştəba Dəmirçilunun Azərbaycana səfir təyin edilməsi nəzərdə tutulub"
İranda Qafqaz Məsələlərı üzrə ekspert Qəhrəman Nurani "Bakı-Xəbər" qəzetinə bu barədə açıqlamasında bildirdi ki, səfir təyinatının uzanması daha çox Azərbaycan səfirliyinə məlum hücumdan sonra iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə əlaqədardir: "Bundan sonra Azərbaycan İrana qarşı inam və etimadını itirdi.
Hesab edirəm ki, əlaqələrimizin yenidən öz məcrasına qayıtması ilə çox yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Çünki Azərbaycanda yüzlərlə İran şurkəti fəaliyyət göstərir. Orada çalışan İran vətəndaşlarına konsulluq xidməti göstərilməlidir.
Eyni zamanda İranla Azərbaycan arasında birgə layihələr var, onları koordinasiya etmək lazımdır. Səfirsiz bu məsələləri nizama salmaq qeyri-mümkündür və ya bu sahədə işlər axşayardı.
Prezident Pezeşkiyanın Bakıya səfərindən sonra İran-Azərbaycan əlaqələrində yeni səhifə açılıb. Hətta prezident İlham Əliyev İran şirkətlərini də Azərbaycana dəvət elədi. Hesab edirəm ki, yeni ab-havada səfir təyinatı öz həllini tapmaq üzrədir. Qeyri-rəsmi məlumata görə, Xarici İşlər Nazirliyində azərbaycan əsilli diplomat Müştəba Dəmirçilunun Azərbaycana səfir təyin edilməsi nəzərdə tutulub. Müştəba Dəmirçilu buna qədər İranın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri işləyib. Əvvəllər isə Azərbaycanda diplomatik vəzifədə çalışıb.
Səfirin Azərbaycan və ya fars əsilli olmasının elə bir önəmi yoxdur. Məsələn, bundan əvvəlki fars əsilli diplomat Möhsin Pak Ayin Şirazdan idi. Fars olmasına rəğmən o, Azərbaycanda diplomatik missiyasını çox uğurla başa vurdu. Yəni diplomatın türk və ya fars olması həlledici məsələ deyil. Mən gələcəyə nikbin nəzərlərlə baxıram. Prezident İlham Əliyevin siyasi kursunu nəzərə alsaq, qonşularla əlaqələrə daha çox diqqət yetirilir, nəinki Avroatlantik alyansa inteqrasiyaya. İkinci artıq faktiki olaraq arxa plana keçib.
Ümid edirik ki, İran-Azərbaycan əlaqələrində yeni dönəm başlayacaq və səfir təyinatı da bu prosesə təkan verə bilər".
Azər Həsrət: "İran prezidentinin Azərbaycana səfəri və onun ölkəmizdə isti qarşılanması münasibətlərin məcraya qayıtmasının bir əlamətidir"
Siyasi şərhci Azər Həsrətin fikrincə, İranın Azərbaycana kimi səfir təyin etməsindən asılı olmayaraq, ikitərəfli münasibətlərdə bəzən də görünməyən gərginlik saxlanmaqda davam edəcək: “Hələ də İranda türklərin hüquqları gözardı edilirsə, üstəlik, Ermənistanla isti münasibətləri inkişaf etdirirsə, səfirin kimliyi ilə münasibətlər elə də tez yumşalan deyil.
Düzdür, münasibətlərimizdə istiləşmə var. İran prezidentinin Azərbaycana səfəri, onun ölkəmizdə isti qarşılanması müəyyən mənada münasibətlərin məcraya qayıtmasının bir əlamətidir. Amma bunun münasibətlərimizin dərin qatlarda da istiləşməyə gətirib çıxaracağına əmin deyiləm. Ona görə də bizim üçün səfir təyinatının gecikdirilməsi və ya kimin təyin edilməsi heç nəyi dəyişmir. Çünki bu, İranin bizə qarşı siyasətinin dəyişməsinə gətirib çıxarmır.
Digər tərəfdən, ola bilsin ki, səfir təyinatında başqa problem də olur. Yəni ola bilsin ki, səfir təyin edilən diplomat Azərbaycan tərəfini qane etmir. Əslində isə qonşu dövlət xoşməramlı davranırsa, səfir məsələsində bu qədər gecikməyə yol verməməlidir.
ABŞ də bəyan edir ki, onlarda səfirin göndərilməsi mürəkkəb prosedurlardan keçməlidir. İranda isə ABŞ-yə nisbətən həmin prosedur o qədər də mürəkkəb deyil. Hazırda bizdə ABŞ səfiri də mövcud deyil. Ötən ilin dekabrında ABŞ səfiri könüllü şəkildə istefa verdi. Yəni eyni sualı ABŞ ilə bağlı da vermək olardı. Amma onlar daima bu cür davrandıqlarına görə belə bir sual yaranmır. İranla bağlı isə sual yaranır. Çünki bu qədər yaxın olan ölkədə səfir yerinin boş qalması münasibətlərin dinamikliyinə mənfi təsir göstərə bilər".
Akif NƏSİRLİ