Pentaqon Qətərdən dəyəri təxminən 400 milyon dollar olan Boeing 747-8 təyyarəsinin ABŞ prezidenti Donald Trampa təhvil verilməsini rəsmən təsdiqləyib.
Musavat.com The New York Times-ə istinadən xəbər verir ki, məlumatı ABŞ müdafiə nazirinin ictimai məsələlər üzrə köməkçisi Şon Parnel açıqlayıb: "Müdafiə naziri Qətərdən Boeing 747-8 təyyarəsini bütün federal qaydalara və qanunlara uyğun olaraq qəbul edib. Nazirlik adekvat təhlükəsizlik tədbirlərinin təmin edilməsi və təyyarənin funksionallığı ilə bağlı tələblərə cavab verməsi üçün işə başlayacaq”.
Xatırladaq ki, mayın 11-də ABC News öz mənbələrinə istinadən Qətərin Trampa 400 milyon dollara başa gələn Boeing 747-8 təyyarəsi verməyi planlaşdırdığına dair məlumat yayıb. Bu, ABŞ dövlət başçısının indiyədək xarici ölkədən aldığı ən bahalı hədiyyələrdən biri ola bilər. ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoffun ABC News-a verdiyi məlumata görə, Qətərin təyyarəni Trampa təhvil verməsi tamamilə qanunidir və razılaşma Ağ Evin hüquq məsləhətçisi və ABŞ Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilib.
İki gün əvvəl CNN sensasiyalı məlumat yayaraq, təyyarənin Ağ Ev administrasiyası tərəfindən Qətərdən istənildiyini bəyan edib. Bildirilir ki, Tramp prezident təyyarəsinin yenilənməsinə göstəriş verib. Lakin Boeing şirkəti yeni hava gəmisinin 2 ilə hazır olacağını açıqlayıb. Belə olduqda, Tramp tələblərə uyğun təyyarənin harada olduğunun öyrənilməsi və onun əldə olunmasını tapşırıb. ABŞ üçün “Bort nömrə 1”-in tələblərinə uyğun təyyarənin Qətərdə olduğu açıqlandıqdan sonra Ağ Ev Dohadan həmin təyyarəni satın almaq istəyib. Lakin Doha satışa deyil, təyyarəni Trampa bağışlamağa razılaşıb.
Musavat.com