Rusiyanın “Kalaşnikov” silah konserni Minskdə keçirilən MILEX-2025 XII Beynəlxalq Silah Sərgisində pilotsuz uçuş aparatları, eləcə də atıcı silahlarını təqdim edib.
Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.
Sərgidə KUB-2E pilotsuz uçan aparatı göstərilib. Bu, “Kalaşnikov” və “İjevsk pilotsuz Sistemləri” elmi-istehsalat birliyinin birgə hazırladığı aparatdır. O, idarə olunan gəzinti sursatıdır. KUB-2E düşmənin canlı qüvvəsini, PUA buraxılış məntəqələrini, helikopter meydançalarını və yüngül zirehli hərbi texnikanı məhv etmək üçün nəzərdə tutulub.
Bundan başqa, SKAT-350M pilotsuz çoxfunksiyalı sistem də nümayiş olunub. Bu dron sadə və mürəkkəb şəraitdə geniş temperatur diapazonunda aerofotoqrafiya, operativ video monitorinq və ərazinin havadan kəşfiyyatı üçün nəzərdə tutulub. Cihaz 4 saata qədər havada qala bilir, qanadlarının uzunluğu 3,2 metrdir.
“Kalaşnikov”un stendində daha sonra “Qoliaf” mini-PUA və “Karakurt” mikro-PUA nümayiş etdirilib. Onların əsas vəzifəsi real vaxt rejimində hava kəşfiyyatı aparmaqdır. Həddindən artıq kiçik ölçülərinə görə belə dronları aşkar etmək çox çətindir. Pilotsuz təyyarələrin gövdələri plastikdən hazırlanıb və düşmən radarına görünmür.
Bəxtiyar CƏFƏRLİ