Azərbaycan Beynəlxalq Bankı ASC sahibkarlar və hüquqi şəxslər üçün yeni maliyyələşmə imkanı təqdim edir.
Finss.az xəbər verir ki, bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (AR İKZF) ilə əməkdaşlıq çərçivəsində subsidiyalı, yəni güzəştli kreditlər təklif edir. Bu kreditlər biznesini qurmaq və ya genişləndirmək istəyənlər üçün nəzərdə tutulub.
Təqdim olunan güzəşt mexanizminə əsasən, kreditin illik faiz dərəcəsinin müəyyən hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Belə ki, 3 ilə qədər olan kreditlər üzrə 8 faiz bəndi, 3 ildən artıq müddətli kreditlər üzrə isə 10 faiz bəndi qədər dövlət dəstəyi verilir. Bu isə sahibkarın üzərinə düşən faiz yükünü əhəmiyyətli dərəcədə azaldır.
Kreditin minimal məbləği 30 000 manat, bir borcalan üçün maksimal məbləğ 5 milyon manat, əlaqəli borcalanlar qrupu üçün isə 10 milyon manatdır. Kreditlərin müddəti maksimum 84 ay, kredit xətləri üzrə isə 12 aya qədər müəyyən olunub.
Faiz subsidiyası yalnız illik faiz dərəcəsi 20%-dən yüksək olmayan kreditlərə şamil edilir. Borcalan kreditin faiz dərəcəsinin ən azı 6 faiz bəndini özü ödədikdə dövlət dəstəyi tətbiq olunur. Əgər kreditin müddəti 3 ildən artıqdırsa, subsidiyalar yalnız ilk 3 il üzrə hesablanan faizlərə yönəldilir.
Bu imkan sahibkarlıq fəaliyyətinə başlamaq və ya mövcud biznesi böyütmək istəyənlər üçün əhəmiyyətli dəstək hesab olunur.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/subsidiyali-guzestli-kreditler
Fuad Mədətov
Finss.az