Bu gün dünyanın diqqəti ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında olması gözlənilən telefon danışıqlarına yönəlib. Belə ki, Tramp Putinlə telefon danışığı aparacaq.
Danışıqlarda əsas müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsi olacaq.
MÖVZU İLƏ BAĞLI:
Zelenskinin xam xəyalları, Trampın puç olan ÜMİDLƏRİ – Atəşkəs planı İFLASA UĞRAYIR...
Tramp çalışır ki, münaqişədə 30 günlük atəşkəs əldə edilsin. Kiyev buna razılığını versə də, Moskva hələlik hərbi əməliyyatları davam etdirməyə üstünlük verir. Hətta keçən həftə İstanbulda Ukrayna və Rusiya tərəfi arasında keçirilən görüşdə də Kreml qərar vermək səlahiyyəti olmayan nümayəndələrlə təmsil olunmuşdu. Hansı ki, burada da hər hansı bir ciddi qərarlar qəbul edilməyib.
Ondan sonra da Tramp Putinə telefonla danışmaq qərarına gəlib.
Bu fonda dünyanı düşündürən bir məsələ var:
Tramp Putin danışığı ilə Ukraynada nəhayət atəşkəs əldə olunacaq, yoxsa sülhə olan ümidlər birdəfəlik puç olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov əmindir ki, Tramp atəşkəsin əldə edilməsində israrlı olacaq:
“Atəşkəs rejiminin bərqərar olmasına maneələr yoxdur. Amma problem odur ki, müxtəlif mərhələlərdə tərəflər atəşkəs rejimindən başqa hansısa siyasi məqsədlərə də nail olmaq istəyir. İstanbuldakı danışıqlar göstərdi ki, Rusiya atəşkəs müqabilində Ukraynanın hansısa ərazilərinin “azad olunması və ona birləşdirilməsini” şərt olaraq qoyur. Ukrayna da hansısa ərazilərin azad olunmasını tələb edir.
O baxımdan problem odur ki, tərəflər, ilk növbədə Rusiya atəşkəs rejiminin onlara lazım olmadığı münasibətini sərgiləyir. Amma əminəm ki, Tramp bu məsələdə israrlı olacaq. Hər halda atəşkəs ehtimalı azalmayıb. Cari ilin əvvəlindən bu mövzu gündəmdədir”.
Rüfət Sultan, Bizim.Media