AZ

Zelenskinin xam xəyalları, Trampın puç olan ÜMİDLƏRİ – Atəşkəs planı İFLASA UĞRAYIR...

Hər kəsin diqqəti İstanbula yönəlib. Belə ki, bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçirilir.

Görüşlə bağlı ötən gün ilkin təmaslar və bəyanatlar olub. Səslənən fikirlərdən, verilən bəyanatlardan aydın olur ki, tərəflər sülh danışıqlarına tam hazır deyil.  Çünki həm Ukrayna, həm də Rusiya tərəfi daha çox hədə tonunda danışır. Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün "çox aydın siqnal" adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Medinski: “Rusiya bu danışıqlara sülh prosesinin davamı kimi baxır” - VİDEO


Zelenskinin bu siqnalına isə Rusiyanın cavabı çox da gecikməyib. Rusiya nümayəndə heyətinin rəhbəri, Vladimir Putinin köməkçisi Vladimir Medinski İstanbulda jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya nümayəndə heyəti cümə günü səhər saat 10-dan etibarən Ukrayna tərəfini gözləyəcək, onlar görüşə gəlməlidir.

Danışıq tonlarındakı ultimativ notlar pessimist nəticələr vəd edir.

Nəzərə alaq ki, Türkiyənin bu ilk sülh təşəbbüsü deyil. 2022-ci ilin yayında rəsmi Ankara münaqişə tərəflərini bir araya gətirmişdi. Həmin vaxt sülhün əldə edilməsi çox yaxın idi. Lakin Qərb bu prosesi məqsədli şəkildə pozdu. Çünki o zaman Qərbə sülh yox, müharibə lazım idi. Qərbin siyasi elitası elə zənn edirdi ki, müharibə təkcə Ukraynanı yox, həm də Rusiyanı zəif salacaq. Nəticədə Rusiya da Qərbin boyunduruğu altına keçəcək.

Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, Rusiya iqtisadi cəhətdən zəifləsə də, hərbi cəhətdən gücləndi. Qərbin bütün dəstəklərinə baxmayaraq Ukrayna Rusiyanın qarşısında tab gətirə bilmədi. Hətta Kursk əməliyyatı da uğursuz oldu.

Nəticədə, Ukraynanın zəifləmiş durumundan istifadə edən Tramp vəziyyəti ABŞ-ın xeyrinə dəyişmək istədi. Bunun üçün də Zelenskinin qarşısına çox ağır şərtlər qoydu. Zelenski ilk vaxtlar bu şərtlərə etiraz etsə də, sonradan deyilənlərə boyun əydi və Ukraynanın yeraltı-yerüstü sərvətlərinin birgə istismarı üçün rəsmi Vaşinqtonla saziş imzaladı.

Lakin bu saziş də Ukraynanı xilas etmədi...

Halbuki Tramp söz vermişdi ki, təbii sərvətlərin birgə istismarı sazişi imzalansa, o Rusiyanı sərfəli sülh şərtlərinə razı salacaq. Bunun üçün o öz adamını iki dəfə Putinin yanına göndərdi. Lakin bu görüş də ABŞ və Ukrayna üçün faydasız oldu.

Nəticədə Ağ Ev digər vasitəçilərin təşəbbüslərini dəstəklədi. Bu mənada İstanbul görüşü rəsmi Vaşinqton üçün əla fürsət ola bilərdi.

Təsadüfi deyil ki, Tramp İstanbul görüşünü var gücü ilə dəstəkləyir. Hətta ötən gün o bəyanat verdi ki,  əgər zərurət olarsa, 16 may tarixində Ukrayna ilə bağlı mümkün danışıqlarda iştirak etmək üçün İstanbula gəlməyə hazırdır.

Bu o zaman idi ki, Zelenski artıq İstanbulda idi. Putindənsə xəbər yox idi. Çoxları kimi Tramp da hesab edirdi ki, Putin İstanbula gələcək.

Sonradan Putinin gəlməyəcəyini bilən Tramp bu dəfə fərqli mövqe sərgiləyib. Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin yalnız onun Putinlə şəxsən görüşündən sonra həll oluna biləcəyini bəyan edib:

“Biz Putinlə üz-üzə görüşməyənə qədər, heç bir irəliləyiş olmayacaq”

Maraqlıdır ki, Qətərdən Türkiyəyə gəlməyə hazırlaşan Tramp Putinin gəlməməsinə çox gülməli tərzdə “haqq qazandırıb”:

“ABŞ prezidenti İstanbulda deyilsə, Putinin ora getməsinə ehtiyac yoxdur”.

Trampın planı suya düşdü

Amerika Prezidenti İstanbul görüşünə çox böyük ümid bəsləyirdi. Çünki bu görüş ona götürdüyü öhdəliklərin icrası istiqamətində bir nəfəslik olardı. Axı, Tramp Zelenskiyə və bütövlükdə bütün Ukraynaya söz verib ki, ən qısa zamanda Rusiya ilə ən sərfəli sülhə nail olacaq. Amma hadisələrin inkişafı göstərir ki, Trampın planları reallıqdan çox-çox uzaqdır.

Əvvəla Rusiya bu gün diqtə edən tərəfdir. Hər gün döyüş meydanında bir uğura imza atır. Ona görə də sülh üçün ilk növbədə Rusiyanın maraqları nəzərə alınmalıdır. Amma Trampın vəd etdiyi sülhdə Rusiyanın bütün maraqları kənarda qalıb. Yəni Amerika prezidenti Zelenskiyə imzalanmış saziş müqabilində Ukraynanın ərazi bütövlüyünü vəd edib. Halbuki, Ukrayna ərazisinin 25 faizi hal-hazırda Rusiyanın nəzarəti altındadır. Putin qoşunları bu ərazilərdən çıxarmaqda heç də həvəsli deyil.

Üstəlik, Putin Zelenskinin legitimliyini tanımır və nə zamansa onunla bir masada əyləşməyi düşünmür. Ona görə də sülh danışıqlarına Trampın baxışları və maraqları ilə Putinin baxışları və maraqları üst-üstə düşmür. Bu mənada İstanbul görüşləri o qədər də uğurlu olmayacaq.

Danışıqlar fonunda savaş

Təsadüfi deyil ki, Ukrayna ilə Rusiya rəsmiləri danışıqlar masası arxasına əyləşdikləri bir vaxtda cəbhə bölgəsində şiddətli döyüşlər başlayıb. Belə ki, mayın 15-dən 16-na keçən gecə və səhər saatlarında Krımda silsilə güclü partlayış səsləri eşidilib. Zərbələr Rusiya qüvvələrinin strateji hərbi obyektlərini hədəfə alıb.

Belə ki, səhər saat 06:15 radələrində Sevastopolda güclü partlayış baş verib. Naximov adına Hərbi Dəniz Akademiyasının ərazisindən Rusiya hava hücumundan müdafiə vasitələri atəşə tutulub. Eyni zamanda, Rusiya Qara Dəniz Donanmasının 126-cı ayrı-ayrı sahil müdafiə briqadasının yerləşdiyi Perevalnoye kəndi ərazisində partlayışlar qeydə alınıb.

Əslində bu hücumlar da bir əzələ, güc nümayişidir. Əzələ nümayişi olan yerdə isə sülhdən danışmaq sadəlövhlükdür. Üstəlik, əgər 2022-ci ildə Rusiya sülh sazişində maraqlı idisə, indi rəsmi Moskva Ukraynanın kapitulyasiyasından və parçalanmasında maraqlıdır.


Bu iddianın qarşısında Zelenskinin xəyalları, Trampın istəkləri çox mənasız və sönük görünür.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr