BAKI, 19 may. TELEQRAF
Dünyanın ən böyük neft şirkətləri xam neftin qiymətində uzunmüddətli enişə hazırlaşırlar.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb .
Qəzetin məlumatına görə , "ExxonMobil", "Chevron", "Shell", "TotalEnergies" və BP şirkətlərinin rəhbərləri rüblük gəlir hesabatlarında investorları əmin ediblər ki, onların maliyyə vəziyyəti sabitdir. Xərcləri və səhmdar gəlirlərini sürətlə azaltmağa ehtiyac yoxdur. "ExxonMobil"in rəhbəri Darren Vuds qeyd edib ki, qiymətlərin və mənfəət marjasının aşağı düşməsi üçün ciddi təzyiqlər var. Şirkət beş il ərzində xərcləri 13 milyard dollar azaldaraq hazırkı vəziyyətə hazırlaşıb və daha sərt ssenarilərlə maliyyə nəticələrini qiymətləndirir.
"Chevron" isə əməkdaşlarının sayını azaltmağı planlaşdırsa da, investorları neftin barrelinin 60 dollar olacağı halda belə 9 milyard dollaradək sərbəst pul axını təmin edə biləcəyinə əmin edib.
"Shell" şirkətindən isə bildirilib ki, neftin qiyməti 40 dollara qədər düşsə də, dividend ödəmələrini davam etdirəcəklər. Xərclərlə bağlı planlar hələlik dəyişməyib. Şirkətin maliyyə direktoru Şined Qorman əvvəlcədən nəzərdə tutulan layihələrin icrasının davam etdiyini vurğulayıb.
"TotalEnergies"in rəhbəri Patrik Puyanne isə şirkətinin pandemiya dövründə olduğukimi hazırda da"panikaya qapılmayacağını" açıqlayıb.
Böyük neft şirkətləri, son hesabat dövründə ümumilikdə kapital xərclərini 2% azaldıb və "tələsik qərar vermək istəmirlər". "Wood Mackenzie" konsaltinq şirkətinin məlumatına görə, bu il beş ən böyük neft və qaz şirkətinin kapital xərcləri 98 milyard dollar olacaq. Bu da 2023-cü illə müqayisədə 5% azdır.
Qeyd edək ki, neft qiymətləri aprel ayında bir barel üçün 60 dollardan aşağı düşüb.