Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında sərbəst qazın işlənilməsi layihəsi çərçivəsində ilk təbii qazın bu ilin sonunadək hasil olunacağı gözlənilir.

İndex.az xəbər verir ki, bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində quyunun layihədə nəzərdə tutulan dərinliyə qədər qazılması artıq başa çatdırılıb.

“Hazırda quyunun tamamlanma işləri həyata keçirilir. Bu proses müəyyən vaxt tələb edir. Tamamlanma mərhələsi ilə yanaşı, həmin quyunun mövcud qaz infrastrukturuna inteqrasiyası da aparılmalıdır. Bunun üçün əlavə avadanlıqlar, dirsəklər və digər texniki qurğular quraşdırılır. Planlaşdırıldığı kimi, bu işlər yekunlaşdıqdan sonra ilin sonunadək ilk qazın hasilatı nəzərdə tutulur”, – deyə T. Bayatlı bildirib.

Xatırladaq ki, AÇG yatağındakı STQ ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə – 4 trilyon kubfutadək olduğu düşünülür.

Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.