Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şah İsmayıl və Əmir Teymur haqqında səsləndirdiyi fikirlər Azərbaycanda birmənalı qarşılanmayıb.
Musavat.com xəbər verir ki, Anadoluda türk, ərəb və kürd qardaşlığına vurğu etməyə çalışan Türkiyə prezidenti digər türk toplumlarını incidən çıxış edib. Ərdoğan deyib ki, Malazgird, Çaldıran, İstanbulun, Qüdsün fəthi Anadolu türklərinin kürd və ərəblərlə birgə qələbəsidir.
“Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz ‘eyvallah’ demədik. Teymur filləri və ordusu ilə gəldi, Anadolu boyunca hər yeri işğal etdi. Amma biz usanmadan, sınmadan müqavimət göstərdik. Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidentinin çıxışından bu sitat aydındır ki, son PKK ilə barışıq prosesinə həsr olunub, kürdlərlə ərəblərin Anadoluda türklərlə birgəliyinin qədim tarixi olduğunu demək istəyib. Amma bunu deyərkən hədəf göstərdiyi şəxslərin də türk olduğunu unudub.
Halbuki, məsələn, Türkiyə prezidenti türk (bütün türklər), kürd, ərəb və ümumilikdə müsəlmanların işğalçılara qarşı birgə savaşdığı Çanaqqala müharibəsini deyil, 500-600 il əvvəl baş vermiş savaşları “yada salıb”, hansı ki bu savaşlarda hər iki tərəfdən vuruşanlar türklər olub.
Əlbəttə, Türk birliyi, Turan qurmağı hədəf elan edən bir dövlətin rəhbərinin 600 il əvvəl türk sərkərdələri arasında baş vermiş döyüşləri işğalçı adlandırmasının məntiqli izahı yoxdur. Belə görünür ki, hörmətli Ərdoğanın ətrafında Türk birliyinə səmimi şəkildə inanmayan, tarixi proseslərə məzhəb və ya sülalə pəncərəsindən baxan şəxslər hələ də çoxdur.
Dediyim kimi, Anadolunu çox uzaq keçmişdə deyil, 110 il əvvəl Antanta ordusu işğal etməyə çalışırdı və bu zaman ərəb, kürd, türkmanlar çiyin-çiyinə dayanaraq müdafiə edib, ağır itkilər vermək bahasına düşmənin Çanaqqalanı keçməsinə imkan verməyib. Və ya İstiqlal müharibəsi zamanı Anadolunu 4 tərəfdən işğal edən düşmən ordularına qarşı Mustafa Kamal Atatürkün yardımına yenə də Orta Asiya və Azərbaycan türkləri yetişib, yanacaq, pul, ərzaq göndərib və hətta gəlib bu müharibələrdə iştirak edənlər olub.
Əgər birlikdən danışırıqsa, İstiqlal savaşı və ya Çanaqqalanı yad etməliyik, nəinki 600 il əvvəl Teymur, 500 il əvvəl Şah İsmayılla olan müharibəni. Çünki hər bir halda bu fikirlər türk xalqları arasında bölücülük yaratmağa xidmət edir.
Yeri gəlmişkən, Ərdoğanın qeyd etdiyi Ridaniyə müharibəsində də qarşı tərəf ərəb və ya xristian olmayıb, Məmlük türk dövləti olub. 1517-ci ildə Ridaniyədə Osmanlı ordusu ilə vuruşan dövlət də türk dövləti idi və Məmlük dövlətinin bir adı da “Dövləti Türkiyyə” idi. Əlbəttə, bunlar çox arxada qalmış, tarixin yaddaşına hopmuş hadisələrdir.
Əmir Teymurun Osmanlı ilə savaşı onun az qala Avrasiyanın yarısını ələ keçirməsi ilə nəticələnən müzəffər yürüşünün bir elementi idi. Teymur Qızıl Orda, Hindistan, hətta Məmlük dövləti ilə savaşıb.
Şah Xətaiyə gəlincə, onun dövləti başdan ayağa qədər türkdür. Şah İsmayıl Səfəvi 1501-ci ildə Səfəvi İmperiyasını quranda – yeri gəlmişkən, bu dövlətin rəsmi adı “Dövləti Qızılbaş” idi – Osmanlı ilə münaqişəsi olmamışdı. Əksinə, Osmanlı sultanı İkinci Bəyazidlə xoş münasibətlər olub, yalnız 1512-ci ildə Səlim Yavuzun hakimiyyətə gəlməsindən sonra Səfəvi-Osmanlı münasibətləri gərilmiş və nəticədə Çaldıran meydan döyüşü baş vermişdir.
Çaldıran döyüşünə gəlincə, bu, bir orta əsr meydan müharibəsi idi. Əvvəla, Çaldıranı Şah İsmayıl yox, Yavuz Səlim başlatdı.
İkincisi, Çaldıran klassik mənada müharibə deyildi, 200 minlik ordu 30 minliyə, əlavə qüvvələr gəlməmiş bir döyüşdə qələbə çalan Sultan Səlim Təbrizə girsə də, orda cəmi 1 həftə qalır. Əlavə qüvvələrin yaxınlaşdığını eşitdikdən sonra Təbrizi tərk edərək geri dönür.
Tarixdən də bəllidir ki, Şah İsmayıl Osmanlıya yürüş etməyib. Türkiyə prezidentinin nəzərdə tutduğu “daxildən sarsıtma” ifadəsi Şah İsmayılın mənəvi-ruhani liderliyi ilə bağlıdır. Sultan Səlim Anadolu Qızılbaş türklərinin Ərdəbil təkkəsinə bağlılığını özünə qarşı təhlükə olaraq görüb. Bu gün də Türkiyədə yaşayan milyonlarla ələvi, Bektaşi üçün Şah İsmayıl həm də ruhani ustad, 7 Ulu ozandan biridir, sevilir, ehtiram göstərilir.
Şah İsmayıl Azərbaycana məxsusdur və Azərbaycan dövlətçilik tarixində adı böyük hərflərlə yazılan bir şəxsiyyətdir. Onun qurduğu imperiya uzun illər Əfqanıstandan İraqa, Dağıstandan, Gürcüstandan Hind okeanı sahilinə qədər böyük bir coğrafiyanı əhatə edib, Azərbaycan tarixinin ən qiymətli dövlətçilik irsini yaradıb. Şah İsmayıl təkcə fateh, sərkərdə olmayıb, həm də dövlət qurucusu, imperiya qurub. Amma bundan daha önəmlisi Şah Xətai mənəviyyat adamı, ruhani lider, mürşid və şair olub. Bu gün də Türkiyə ələvi ozanlarının ən çox müraciət etdiyi müəlliflərdən biri Şah İsmayıldır.
Yeri gəlmişkən, bunu da qeyd edək ki, Şah İsmayılı İran şahı və ya yalnız şiəlik prizmasından göstərmək və onu Azərbaycan tarixindən çıxarmağa çalışmaq ən çox Azərbaycan tarixinə zərbədir. Çox maraqlıdır ki, həm Türkiyədə, həm Azərbaycanda, həm də İranda məzhəbçi zehniyyət Şah İsmayılı Azərbaycan tarixi şəxsiyyəti, türkman lideri deyil, İran şahı, fars hökmdarı kimi göstərməyə çalışır. Bu məsələdə Türkiyə və İrandakı məzhəbçilərin mövqeyi üst-üstə düşür.
Şah İsmayılın qurduğu dövlət klassik türk dövləti idi. Səfəvi İmperiyası türk tayfa ittifaqı idi, bu dövlətin idarəçilərinin ana dili – sarayın dili türk-Azərbaycan dili, paytaxtı Azərbaycan şəhəri Təbriz idi. Orta əsrlərdə bu üç element dövlətin kimliyini ifadə edirdi: Dövlətin qurucuları Azərbaycan (oğuz) türkmanları, dili türk dili, paytaxtı Azərbaycan şəhəri Təbriz. Hətta bir qədər irəli gedərək Səfəvi İmperiyasının iddia etdiyi miras da türk Ağqoyunlu dövləti idi. Şah İsmayıl babası Uzun Həsənin dövlətinin varisi idi.
Və nəhayət, bu gün Şah İsmayıla ideoloji hücumlar onu özü üçün tarixi şəxsiyyət, mənəvi-ruhani lider hesab edən milyonlarla insanı incitmək və küsdürməkdir. Azərbaycanla yanaşı İranda 40 milyon türk, Türkiyədə 10 milyondan çox ələvi, Pakistanda milyonlarla Qızılbaş, İraq, Suriya Qızılbaş türkmanları, Əfqanıstan, Hindistan Qızılbaşları və eləcə də dünyanın müxtəlif ölkələrinə səpələnmiş Qızılbaş və ələvi-Bektaşi icmaları bu cür çıxışlardan inciyir.
Həmçinin Əmir Teymura hücumlar Orta Asiya türkləri, ilk növbədə milyonlarla özbək, çağatay, Pakistan, Hindistan da daxil olmaqla Avrasiya coğrafiyasına yayılmış türkləri incidir və narahat edir.
Bu gün birlik günüdür, dövlət böyükləri bölücü, qırıcı deyil, birlik və barışdırıcı məqamları qabartmalı, min illiklər ərzində mövcud olmuş birlik və qardaşlığa xitab etməlidir.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün