Türkiyənin külək və günəş enerjisi sahəsindəki təcrübəsinin Qarabağ bölgəsində tətbiqi, həmin ərazinin davamlı enerji təminatı baxımından mühüm nəticələr verə bilər.
“Report” xəbər verir ki, bunu Türkiyənin Uludağ Universitetinin müəllimi, Ətraf Mühit Agentliyinin sədr müavini Mehmet Yüce Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisadi Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlıq yalnız enerji resurslarının ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda “yaşıl texnologiya”ların tətbiqini və ətraf mühitə təsirlərin azaldılmasını da əhatə edir.
M. Yüce bildirib ki, Azərbaycan və Türkiyə arasında imzalanmış sazişlər çərçivəsində Qarabağda bərpaolunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən biridir: “Xüsusilə günəş və külək enerjisi potensialı baxımından Qarabağ böyük imkanlara malikdir. Türkiyənin bu sahədəki təcrübəsi həmin imkanların düzgün və səmərəli istifadə olunmasına töhfə verə bilər”.
O əlavə edib ki, "boz ticarət" anlayışı karbon emissiyası yaradan, lakin tam dayandırılması mümkün olmayan enerji ticarətini əhatə edir: “Sənaye istehsalı, iqtisadi inkişaf və sosial rifah enerji olmadan mümkün deyil. Buna görə də enerji ticarətindən birdəfəlik imtina mümkün deyil. Əsas məqsəd bu proseslərin ekoloji baxımdan daha məsuliyyətli formada təşkil olunmasıdır”.
M. Yüce qeyd edib ki, enerji infrastrukturlarının qurulması zamanı istifadə edilən materiallar da müəyyən qədər karbon izi buraxır: "Buna görə də enerji sahəsində texnoloji yeniliklərin tətbiqi, “yaşıl enerji” resurslarının payının artırılması və beynəlxalq təcrübədən faydalanma xüsusi əhəmiyyət kəsb edir".