AZ

Trampın xüsusi nümayəndəsi Bakı-İrəvan sazişində qeyri-rəsmi vasitəçilik edir?..


Əli Mustafa: “Uitkoffun belə açıqlama verməsi ikitərəfli danışıqları istisna etmir”

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinin çox yaxın olduğunu deyib.

Xüsusi nümayəndə Uitkoff bu barədə ABŞ-nin "Breitbart" xəbər saytına müsahibəsində danışıb: “Azərbaycan və Ermənistanla bağlı biz inanırıq ki, münaqişənin yekun həllinə – son razılaşmaya çox, çox yaxınlaşmışıq”.

Çox maraqlıdır. ABŞ vasitəçi deyil, danışıqlar birbaşa tərəflər arasında gedir. O zaman Uitkoffda bu əminlik hardandır? Əcəba Trampın xüsusi nümayəndəsi Bakı-İrəvan sazişindəqeyri-rəsmi vasitəçilikmi edir?

“Birləşmiş Ştatlar təmsilçisi bunu deyirsə, deməli, Vaşinqton bir formada bu proseslərə daxil olub”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, burada bir sıra məqamlar ola bilər: “Stiv Uitkoffun Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı danışması başadüşüləndir. Nəzərə almaq lazımdır ki, o, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsidir. Bir çox məsələlərdə - İranla bağlı, hətta Rusiya-Ukrayna ilə bağlı, eyni zamanda İsraillə bağlı danışıqlarda bilavasitə Birləşmiş Ştatları təmsil etdiyi üçün Trampın etimad göstərdiyi bir şəxsdir. Eyni zamanda daha çox bu məsələlərlə onun məşğul olmasını istəyən bir şəxsdir. Səhv etmirəmsə, Uitkoff Moskva səfərlərinin birində həm də Bakıya gəlmişdi. Düzdür, Uitkoffun Bakıya nə üçün gəldiyi, hansı məsələlərin müzakirə edilməsi barədə rəsmi açıqlama olmadı. Ancaq onun Bakıya gəlməsi barədə məlumat yayıldı və bu, təkzib olunmadı. Yəni çox güman ki, Uitkoffun Bakı səfərində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı ciddi müzakirələr olub. Görünür, sözügedən məsələlərlə bağlı Tramp ona müəyyən səlahiyyətlər verib və o üzdən, Uitkoff iki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı belə əminliklə danışır. Uitkoffun indiki açıqlaması da ona istinad edir ki, o, tərəflərlə danışıb və real vəziyyəti bilir. Bəli, hələlik Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar gedir. Ancaq Uitkoffun belə açıqlama verməsi də ikitərəfli danışıqları istisna etmir. Sadəcə olaraq Uitkoff bir formada ABŞ-ın da bu prosesə daxil olduğunu bildirmək istəyir. Demək istəyir ki, biz bu prosesə yaxınıq. Bütün hallarda mümkündür ki, Birləşmiş Ştatlar bir formada bu məsələlərdə iştirak edir. Zatən Tramp nə qədər yaxasını kənara çəksə də ABŞ hələ də dünyanın bir nömrəli dövlətidir. Qlobal proseslər, münaqişələr bu və ya digər formada onun yurisdiksiyasına aid olur. Yəni bu baxımdan əslində Uitkoffun belə bir açıqlama verməsi təəccüblü deyil. Bunu Fransanın təmsilçisi və yaxud da Mozambikin nümayəndəsi desəydi başa düşərdik. Yaxud da ciddi qəbul etməzdik. Ancaq Birləşmiş Ştatlar təmsilçisi bunu deyirsə, deməli, Vaşinqton bir formada bu proseslərə daxil olub”.

Vidadi ORDAHALLI

Seçilən
0
24
baki-xeber.com

10Mənbələr