“Beynəlxalq münasibətlər bu gün dərin böhran içərisindədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə komitə sədri Səməd Seyidov bildirib.
Komitə sədrinin sözlərinə görə, bu vəziyyət xaosa, müharibələrə yol açır: “Yaxın Şərqdəki vəziyyət hamıya bəllidir, Avropada gedən müharibə, Amerikadakı yeni siyasi reallıq, Çinin yüksəlişi, Hindistan-Pakistan müharibəsi, bunlar hamısı qeyri-sabitliyin nümunəsidir. Bununla belə, beynəlxalq münasibətlərdəki xaos fonunda Azərbaycan adekvat, sülhpərvər və milli maraqlara xidmət edən xarici siyasət aparmaq qabiliyyətini açıq nümayiş etdirir. Bu isə regionda Azərbaycan Prezidentinin rəhbərliyi ilə formalaşan yeni reallığın sayəsində mümkün olub. Bu gün Azərbaycan İlham Əliyevin apardığı siyasət nəticəsində böyük güclər üçün cazibə mərkəzinə çevrilib”.
***
Səməd Seyidov əlavə edib ki, qlobal Cənub yüksəlir, inkişaf edir: “Amma problemlər də mövcuddur, xüsusilə Qərb-Şərq və Şimal-Cənub münasibətlərində. Yaddan çıxarmamalıyıq ki, Azərbaycan bu istiqamətlərin mərkəzində dayanan məmləkətdir. Bizim siyasətimiz hər bir ölkə ilə yüksək səviyyədə münasibətlərimizi təşkil etməkdir. Nə edəsən ki, biz təşkil etmək istədiyimiz partnyorlar öz aralarında problemlər yaradıb, hansısa ortaq məxrəcə gələ bilmirlər”.
Nuranə Daxilqızı