Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçası fəaliyyət göstərəcək.
Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
"Kəngərli kəndində fəaliyyət göstərəcək körpələr evi - uşaq bağçası müasir standartlara uyğun inşa edilib. Bina 1 yeraltı, 2 yerüstü mərtəbədən ibarətdir. 120 yerlik körpələr - uşaq bağçasında azyaşlıların təlim - tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.
Körpələr evi - uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb", - L.Sərabi vurğulayıb.