AZ

Şahbaz Şərif: Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik

Pakistanın Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirərək Hindistanın təcavüzünə qətiyyətli cavab verdi. Düşmən səbəbsiz müharibə başlamağa cəhd göstərdi, lakin biz layiqli cavab verdik.

"Report" "Pakistan Daily" qəzetinə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciətində bildirib.

O qeyd edib ki, Pakistan Hərbi Hava Qüvvələrinin cavab zərbələrindən sonra Hindistanın hava bazaları xarabalığa çevrilib.

“Pakistan xalqı birlik, qətiyyət və şərəf nümayiş etdirdi. Pakistan dünyaya aydın şəkildə göstərdi ki, biz suveren və qürurlu bir dövlətik, əgər kimsə bizim suverenliyimizə təcavüz edərsə, biz cavab verməyə qadirik”, – Ş. Şərif bildirib.

Hindistanın hərəkətlərini açıq təcavüz kimi xarakterizə edən Pakistanın Baş naziri vurğulayıb ki, düşmən əsassız müharibə başlatmağa cəhd etsə də, Pakistan Silahlı Qüvvələri təmkinli və müdrik davranaraq "hərbi tarixə qızıl hərflərlə yazılacaq" cavab verib.

“Əvvəlcə Hindistanın sərhəd pozuntularına dair qərəzsiz araşdırma aparmağı təklif etdik, lakin düşmən dayanmadıqda biz onun öz dilində cavab vermək qərarına gəldik. Pakistanın "Şahinləri" (Hərbi Hava Qüvvələri – red.) düşmənin silahlarını cəmi bir neçə saata susdurdu, Hindistanın müasir "Rafale" qırıcıları isə bizim "Şahinlər" qarşısında aciz qaldı”, – Şahbaz Şərif vurğulayıb.

O həmçinin Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şəmşad, Ordu Qərargah rəisi general Asim Munir, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin rəisləri də daxil olmaqla bütün xidmət rəislərinə təşəkkür edib.

Baş nazir həmçinin "düşmənin saxta xəbərlərinə" qarşı mübarizə səylərini xüsusi vurğulayıb.

Sonda Ş. Şərif ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Türkiyə liderlərinə təşəkkürünü ifadə edib, xüsusilə Çinin rolunu qeyd edib.

“Biz məsuliyyətli bir dövlət kimi atəşkəs təklifini müsbət qarşıladıq. Tam əminik ki, Cəmmu və Kəşmir də daxil olmaqla bütün məsələlər sülh danışıqları yolu ilə həll oluna bilər”, – Şahbaz Şərif deyib.

Seçilən
0
1
report.az

10Mənbələr