Pakistanın baş naziri Şahbaz Şərif Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün Pakistan Ordusunun Milli Komandanlıq Şurasını bir araya toplayıb. Bu barədə Geo telekanalı məlumat yayıb.
"Pakistanın Hindistana qarşı hərbi əməliyyata başlamasından və Hindistanın bir neçə hərbi obyektini vurmasından az sonra baş nazir Şahbaz Şərif Milli Komandanlıq Şurasının iclasını çağırıb", - deyə telekanal bildirib.
Bundan əvvəl Pakistanın Hindistanın hücumlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlara başladığı məlum olub. Əməliyyata "Bunyan-um-Marsus" adı verilib.
Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.
22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Tural