"ABŞ Konqresində Kubadakı şübhəli Çin müşahidə obyektlərinin varlığını əks etdirən yeni hesabatla bağlı dinləmələr keçirilib. Konqresmenlər Pekinin ABŞ yaxınlığında kəşfiyyat işini genişləndirə biləcəyi barədə Ağ Evi xəbərdar ediblər və Donald Tramp administrasiyasını Çinə qarşı daha sərt mövqe tutmağa çağırıblar".
Bu barədə Musavat.com- açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edir ki, Nümayəndələr Palatasının Nəqliyyat və Dəniz Təhlükəsizliyi alt komitəsi tərəfindən təşkil edilən dinləmələr ABŞ-ın analitik mərkəzi olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin araşdırmasına istinad edib:.
"Bu mərkəzin tədqiqatçıları Kubada dörd şübhəli siqnal kəşfiyyat mərkəzinin varlığını bildiriblər. Tədqiqatçılar peyk görüntülərindən istifadə ediblər.
Bu məsələ iki il əvvəl də Konqresin diqqətini çəkmişdi. Nümayəndələr Palatası Senatla birgə 2023-u ilin iyun ayında Dövlət Departamentinə və Mərkəzi Kəşfiyyat İdarəsinə müraciət edərək Kubadakı şübhəli bazalar haqqında hesabat hazırlamalarını tövsiyyə etmişdilər. Konqres bu məsələnin araşdırılması zamanı müraciət etdiyi iki dövlət strukturundan şəffavlıq tələb etmişdi. Konqresmenlər amerikalıların mövcud vəziyyət barədə məlumatlı olmaları hüququna istinad etmişdilər. Bu müraciət ABŞ-ın yaxın tarixi ilə bağlıdır. Keçmiş SSRİ 1960-cı illərin əvvəllərində Kubada nüvə başlıqlı raketlər yerləşdirdikdə Ağ Evin o zamankı sahibi Con Kennedi bu təhlükə barədə televiziya vasitəsilə xalqını məlumatlandırmışdı, heç nəyi gizlətməmişdi. Görünür, konqresmenlər bu təcrübədən çıxış edərək dövlət strukturlarının vəziyyət barədə xalqa məlumat vermələrini istəyirlər, sadəcə bu dəfə təhlükənin Çindən gəldiyinə eyham vururlar".
Politoloq həmçinin bildirib ki, Kubanın Rusiya, Çin və İran kimi ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı Vaşinqtonu narahat edir:
"“The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, Çinin Kubada yerləşdirdiyi kəşfiyyat mərkəzlərinin məqsədi ABŞ ərazisindəki hərbi mərkəzlər barədə məlumat toplamaq, elektron yazışmaları ələ keçirmək və bu məlumatları tərəfdaşları Rusiya və İranla bölüşməkdir. Çin Xarici İşlər Nazirliyi Pekinin ABŞ-a qarşı kəşfiyyat çalışmaları aparması iddiasını rədd etsə də, Vaşinqtonu həmişəki kimi buna inanmır".
Xalidə Gəray
Musavat.com