AZ

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbərinin keçmiş müşaviri Ceyms Rikards Rusiya, Çin və ABŞ-ın aralarında “poker oynadıqlarını” bildirib. Onun fikrincə, bu oyunda ikisi digərinə qarşı mübarizəni koordinasiya edir. Həmin iki oyunçunun məqsədi üçüncünü oyundankənar vəziyyətə salmaqdır. Keçmiş müşavir bu oyunda fəaliyyətlərini koordinasiya edən iki oyunçunun adını çəkməsə də, söhbətin Rusiya və Çin birliyindən getdiyi aydındır. Çünki Rusiya ABŞ-la Çinə qarşı, Çin isə ABŞ-la Rusiyaya qarşı oyun qurmaz.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” AM-in analizində bildirilib.

“Əlbəttə, Vaşinqton çox istəyərdi ki, Çin ABŞ-la birgə Rusiyaya qarşı mübarizə aparsın. Ancaq bu, Vaşinqtonun hazırki siyasəti baxımından mümkün deyil. Ağ Ev sahibi Donald Tramp Çin iqtisadiyyatına qarşı sərt qərarlar qəbul edib, üstəgəl, Tayvan məsələsinə görə iki ölkə arasında münasibətlər gərgindir. Belə vəziyyətdə Vaşinqtonun Pekinlə də Moskvaya qarşı səylərini birləşdirməsi mümkün deyil.

MKİ-in keçmiş müşavirinin bir başqa açıqlaması da maraqlıdır. Onun sözlərinə görə, dünya adı çəkilən üçlük arasında bölüşdürülüb: “Digər ölkələr ya bu üçlükdən birinin müttəfiqləridir, ya da ikinci dərəcəli ölkələrdir”. Bu yanaşma Soyuq müharibə illərini xatırladır. O zaman da dünya ölkələrinin bir qismi ABŞ və keçmiş SSRİ arasında bölüşdürülmüşdü, digərləri isə hər ikisindən eyni məsafə saxlayırdılar.

“Dünya yenidən bölüşdürülür” fikri son zamanlar təlqin olunur. Keçmiş müşavirdən əvvəl ABŞ-ın nüfuzlu dərgilərindən biri də “dünya böyük dövlətlər arasında bölüşdürülür” tipli məqalə dərc etmişdi. Bu yanaşma daha çox amerikalı ekspertlər tərəfindən səsləndirilir. Maraqlıdır ki, bu yanaşma Rusiya və Çin ekspertlərinin narazılığına səbəb olmur. Görünür, “dünya bölüşdürülür” yanaşması Moskva və Pekinin də istəyinə cavab verir. Çünki əgər “dünya bölüşdürülürsə”, ABŞ-la yanaşı Rusiya və Çin də müxtəlif bölgə və ölkələrə iddia edə, təsir dairələrini artıra bilərlər”, - təhlildə vurğulanıb.

Seçilən
0
6
axar.az

7Mənbələr