AZ

Rəsulzadə Mixaylo ilə görüşdə ona nə demişdi? - Bacısı oğlundan açıqlama  

1945-ci il mayın 8-də Berlində alman feldmarşalı Vilhelm Keytel Almaniyanın müttəfiq dövlətlər qarşısında qeyd-şərtsiz kapitulyasiya aktını imzalamış, bununla da Avropada İkinci Dünya müharibəsi başa çatmışdı. Bu xəbər SSRİ ərazisində 9 mayda elan edildiyindən, məhz bu tarix Sovet İttifaqında və keçmiş sosialist bloku ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunur.

 

Azərbaycan xalqı İkinci Dünya müharibəsində döyüşmək üçün cəbhəyə 600 min nəfər yola salıb. Onların təxminən yarısı savaşdan geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.

 

İkinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanlarından biri də Mixaylo ləqəbli Mehdi Hüseynzadədir. O, Sovet İttifaqı Qəhrəmanı adı almış 42 soydaşımızdan biridir.

 

Qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov dayısı barədə Modern.az-la həmsöhbət olub.

 

O bildirib ki, Mehdi Hüseynzadə II Dünya müharibəsi başlaya ərəfədə - 1939-cu ildə Rusiyanın Leninqrad şəhərindəki Xarici Dillər İnstitutunda oxuyurdu:

 

"1941-ci ildə müharibə başlayanda Bakıya gəldi, çağırış vərəqəsi aldı. Anam danışır ki, 1941-ci ilin avqustunda hərbi formada evə gələrək dedi ki, "müharibəyə gedirəm. Hara getdiyimi bilmirəm, ancaq ora çatanda məktub yazacam"".

 

"Mixaylo" Rəsulzadə ilə necə görüşüb?

 

Bacısı oğlu deyir ki, Mehdi Hüseynzadə əvvəlcə Tbilisidə kəşfiyyat məktəbində təlim keçib. 8 ay sonra onu  birbaşa Stalinqrad cəbhəsinə göndəriblər. Orada isə çox şiddətli döyüşlər gedirdi:

 

"O, Stalinqraddan məktub yazmışdı. Bildirirdi ki, şiddətli döyüşlər getdiyi üçün çox məktub yaza bilməyəcək. Sonra elə oldu ki, dayım orada yaralandı və əsir düşdü. Daha sonra əsirləri Almaniyaya apardılar. Vəziyət elə gətirmişdi ki, Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Məhəmməd Əmin Rəsulzadə əsir düşən azərbaycanlılarla görüşən zaman onların arasında Mehdi Hüseynzadə olub.

Rəsulzadə azərbaycanlı əsirlərlə söhbət aparanda deyib ki, müharibənin nə ilə bitəcəyi bilinmir. "Ona görə də siz almanlarla əməkdaşlıq etməyə, onların tərəfində döyüşməyə razılıq verin. Sonrasına baxarıq”, - deyə Rəsulzadə əsir düşən soydaşlarmıza məsləhət verib.

 

 

Mixaylo da əsirlikdə olanda sovet əsgərlərinin arasında təbliğat aparırdı. Almanlar onlarla əməkdaşlığa razı olan sovet əsirlərindən polis, jandarm kimi Avropada istifadə edirdi. Mehdi Hüseynzadə öz yoldaşları ilə Yuqoslaviyaya göndərilmişdi. Yuqoslaviyada onlar əvvəlcə yerli partizanlarla gizli əlaqə qurdular. Sonra da hissə-hissə partizanların tərəfində keçdilər. Ən sonda da elə Mixaylo partizanlara qoşuldu”.

 

Bacısı oğlu deyir ki, Mixaylo hələ əsirlikdən əvvəl Tbilisdə təlim keçərkən partlayıcı qurğularla işləməyin sirlərini öyrənmişdi:

 

"O bilirdi ki, hansı qurğularda necə istifadə olunur, hansı binaları necə partlatmaq olar. O vaxt Mehdi əsasən İtaliyanın Triest şəhərində əməliyyatlar keçirirdi. O şəhər Yuqoslaviya ilə 10-15 kilometrlik məsafədə idi. Onun əsas fəaliyyəti bu şəhərdə olub. Mixaylo elə Triestdən əməliyyatdan qayıdan zamanı almanlar onu mühasirəyə aldılar. Elə orada da həlak oldu”.

 

 

Arayış: Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib.

 

1941-ci ilin avqustunda orduya çağrılıb, Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib, Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanıb və almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üç aylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib.

 

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzib, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib, onlarla dəmir və şose yolu körpüsünü, çoxlu faşist avtomaşınını sıradan çıxarılıb.

 

1944-cü il noyabrın 2-də Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən, faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü, xeyli faşist öldürüb. Lakin döyüşərkən ağır yaralanıb. O, çoxlu qan itirərək həlak olub. "Mixaylo"nun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı.

 

Mehdi Hüseynzadə Sloveniyanın Çepovan kəndindəki qardaşlıq məzarında dəfn olunub. Qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olub: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

 

1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə müharibədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

 

M.Hüseynzadə haqqında "Uzaq sahillərdə” bədii filmi çəkilib.

Seçilən
0
9
milliyol.az

10Mənbələr