1945-ci il mayın 8-də Berlində alman feldmarşalı Vilhelm Keytel Almaniyanın müttəfiq dövlətlər qarşısında qeyd-şərtsiz kapitulyasiya aktını imzalamış, bununla da Avropada İkinci Dünya müharibəsi başa çatmışdı. Bu xəbər SSRİ ərazisində 9 mayda elan edildiyindən, məhz bu tarix Sovet İttifaqında və keçmiş sosialist bloku ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunur.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində döyüşmək üçün cəbhəyə 600 min nəfər yola salıb. Onların təxminən yarısı savaşdan geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.
İkinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanlarından biri də Mixaylo ləqəbli Mehdi Hüseynzadədir. O, Sovet İttifaqı Qəhrəmanı adı almış 42 soydaşımızdan biridir
KONKRET.az bildirir ki, qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov dayısı barədə Modern.az-la həmsöhbət olub.
O bildirib ki, Mehdi Hüseynzadə II Dünya müharibəsi başlaya ərəfədə – 1939-cu ildə Rusiyanın Leninqrad şəhərindəki Xarici Dillər İnstitutunda oxuyurdu:
“1941-ci ildə müharibə başlayanda Bakıya gəldi, çağırış vərəqəsi aldı. Anam danışır ki, 1941-ci ilin avqustunda hərbi formada evə gələrək dedi ki, “müharibəyə gedirəm. Hara getdiyimi bilmirəm, ancaq ora çatanda məktub yazacam””.
“Mixaylo” Rəsulzadə ilə necə görüşüb?
Bacısı oğlu deyir ki, Mehdi Hüseynzadə əvvəlcə Tbilisidə kəşfiyyat məktəbində təlim keçib. 8 ay sonra onu birbaşa Stalinqrad cəbhəsinə göndəriblər. Orada isə çox şiddətli döyüşlər gedirdi:
“O, Stalinqraddan məktub yazmışdı. Bildirirdi ki, şiddətli döyüşlər getdiyi üçün çox məktub yaza bilməyəcək. Sonra elə oldu ki, dayım orada yaralandı və əsir düşdü. Daha sonra əsirləri Almaniyaya apardılar. Vəziyət elə gətirmişdi ki, Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Məhəmməd Əmin Rəsulzadə əsir düşən azərbaycanlılarla görüşən zaman onların arasında Mehdi Hüseynzadə olub.
Rəsulzadə azərbaycanlı əsirlərlə söhbət aparanda deyib ki, müharibənin nə ilə bitəcəyi bilinmir. “Ona görə də siz almanlarla əməkdaşlıq etməyə, onların tərəfində döyüşməyə razılıq verin. Sonrasına baxarıq”, – deyə Rəsulzadə əsir düşən soydaşlarmıza məsləhət verib.
Mixaylo da əsirlikdə olanda sovet əsgərlərinin arasında təbliğat aparırdı. Almanlar onlarla əməkdaşlığa razı olan sovet əsirlərindən polis, jandarm kimi Avropada istifadə edirdi. Mehdi Hüseynzadə öz yoldaşları ilə Yuqoslaviyaya göndərilmişdi. Yuqoslaviyada onlar əvvəlcə yerli partizanlarla gizli əlaqə qurdular. Sonra da hissə-hissə partizanların tərəfində keçdilər. Ən sonda da elə Mixaylo partizanlara qoşuldu”.
Bacısı oğlu deyir ki, Mixaylo hələ əsirlikdən əvvəl Tbilisdə təlim keçərkən partlayıcı qurğularla işləməyin sirlərini öyrənmişdi:
“O bilirdi ki, hansı qurğularda necə istifadə olunur, hansı binaları necə partlatmaq olar. O vaxt Mehdi əsasən İtaliyanın Triest şəhərində əməliyyatlar keçirirdi. O şəhər Yuqoslaviya ilə 10-15 kilometrlik məsafədə idi. Onun əsas fəaliyyəti bu şəhərdə olub. Mixaylo elə Triestdən əməliyyatdan qayıdan zamanı almanlar onu mühasirəyə aldılar. Elə orada da həlak oldu”.