Bakı-Moskva-Bakı uçuşları bərpa olunub və ştat rejimində həyata keçirilir.
Bu barədə Day.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
"Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir", - deyə AZAL-dan bildirilib.
Xatırladaq ki, ötən gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 ("Domodedovo" aeroportu) və J2-807 ("Vnukovo" aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınmışdı.
Bildirilmişdi ki, AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.