Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, cavab qarşılaşmalarının hər ikisinə eyni saatda start verilib.
İngiltərə nəhəngi “Çelsi” səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə bu dəfə evdə üz-üzə gəlib. İsveç təmsilçisinin “zadəganlar”la səfər matçında sürprizə imza atmaq şansları yüksək qiymətləndirilmirdi. Belə də olub. Bu oyunda da qalib gəlmiş “Çelsi” finala yüksəlib.
İspaniyanın “Betis” komandası isə səfərdə İtaliya təmsilçisi “Fiorentina”nın qonağı olub. Bu komandaların ilk oyununda “Betis” qələbə qazanmışdı – 2:1. Cavab görüşünün əsas vaxtında da “Fiorentina” oxşar hesabla qalib gəlib. Bu üzdən əlavə vaxt təyin olunub. Məhz bu zaman kəsiyində daha bir qol vurmağı bacarmış “Betis” finala yüksəlib.
Beləliklə, Konfrans Liqasının finalında “Betis”lə “Çelsi” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, Avropa Konfrans Liqasında cari mövsümün final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək.
Turnirin sonuncu qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.
Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
8 may
“Fiorentina” (İtaliya) – “Betis” (İspaniya) 2:2
Qollar: Robin Qozens, 34; 42 – Antoni, 30. Abde Ezzalzuli, 97.
İlk oyun – 1:2.
“Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç) 1:0
Qol: Dyusberi-Holl, 38.
İlk oyun – 4:1.