Mayın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı olub.
SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər iki ölkə arasında mövcud gündəlik üzrə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər. Nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin vacibliyi qeyd olunub.
Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.