AZ

Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir - To Lam

Bu gün Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfəri çərçivəsində yerli iş adamları ilə görüş keçirib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə iş adamları və şirkət rəhbərləri ilə yanaşı Vyetnamın Sənaye və Ticarət Nazirliyinin təmsilçiləri iştirak ediblər.

Baş katib To Lam ölkəsindəki investisiya mühiti, vergi sistemi, faydalı qazıntıları haqqında geniş məlumat verib. Qeyd olunub ki, sonuncu dəfə Vyetnamın dövlət başçısı 1969-cu ildə Azərbaycanda səfərdə olub.

"Vyetnamın neft və qaz sənayesində çalışan bir çox mütəxəssislər Bakıda ali təhsil alıblar. Azərbaycan ilə əlaqələrin uzaq tarixi olsa da bu gün qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsi zərurəti yaranıb. Azərbaycanın böyük iqtisadi potensialı var və buna görə də Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir. Biz neft və qaz sahəsində əməkdaşlıq edirik. Azərbaycanın SOCAR şirkəti ilə Vyetnam Milli Sənaye - Enerji Qrupu ("PetroVietnam") arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd ölkələrimiz arasında enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcək", - deyə To Lam vurğulayıb.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam nəzərə çatdırıb ki, Azərbaycan ilə alternativ enerji istehsalı sahəsində də əməkdaşlıq etmək niyyəti var: "Vyetnamın coğrafi vəziyyəti - günəş, külək enerji istehsalına imkan verir. Buna görə də Azərbaycanın şirkətləri ekoloji cəhətdən təmiz enerji istehsalı üçün Vyetnama sərmayə yatıra bilərlər. Hazırda Vyetnamın müvafiq dövlət strukturları Azərbaycana sərmayə yatırmaq məsələsini nəzərdən keçirirlər. Qarşılıqlı investisiya yatırımı ölkələrimizin iqtisadi və siyasi əməkdaşlığını gücləndirər".

Baş katib To Lam Azərbaycanın Dövlət Neft Fondunun fəaliyyətini təqdir edərək, bu təcrübədən istifadə edəcəklərini də qeyd edib. Nəzərə çatdırılıb ki, Vyetnamda faydalı qazıntılar ilə məşğul olan dövlət şirkətləri ilə yanaşı özəl şirkətlər də var və bu sahəyə sərmayə yatırılmasını istəyən şirkətlər əməkdaşlığa hazırdırlar.

Vyetnamın dövlət başçısı onu da bildirib ki, hazırda ölkəsində geniş islahatlar həyata keçirilir və bu islahatların nəticəsində investisiya mühiti daha da səmərəli olacaq.

Sonra iş adamları və şirkət rəhbərlərinin sualları cavablandırılıb.

Seçilən
0
4
day.az

10Mənbələr